- 14:45
Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə gecə saatlarında həyata keçirdiyi hava hücumlarında 157 döyüş pilotsuz uçuş aparatı (PUA) və 16 raketdən istifadə etdiyi açıqlanıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Rusiya ordusu Ukraynaya qarşı müxtəlif tipli 157 döyüş PUA-sı və 16 raketlə hücum həyata keçirib. Raketlərin əsasən ballistik və qanadlı raketlər olduğu qeyd edilib.
Məlumata görə, hücum zamanı 124 PUA və “Banderol/Dan-T” tipli yeddi kiçik ölçülü qanadlı raket zərərsizləşdirilib. Bu tip vasitələrin reaktiv mühərrikli kamikadze PUA-ları kimi də tanındığı bildirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski də sosial media hesabında hava hücumu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Rusiya qüvvələri Kiyev, Odessa və Sumı vilayətlərində enerji və mülki infrastrukturu hədəfə alıb. Zelenski ölkə üzrə ümumilikdə səkkiz bölgədə ziyan dəydiyini bildirib.
Kiyev meri Vitali Kliçko isə sosial media hesabında paytaxta gecə saatlarında endirilən zərbələr nəticəsində 18 nəfərin xəsarət aldığını açıqlayıb.
Şəbnəm Mehdizadə