- 17:05
Yəmənin qərb sahillərində toqquşmaların yenidən şiddətlənməsi qlobal ticarət üçün həyati əhəmiyyət daşıyan Bab-əl-Məndəb boğazında dəniz nəqliyyatının hərəkətinə ciddi təsir göstərib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Yəmənin Qırmızı dəniz sahillərində münaqişənin yenidən alovlanması Asiya ilə Avropa arasındakı əsas dəniz ticarət yollarından biri olan Bab-əl-Məndəb boğazında gəmi trafikini tarixi minimuma endirib. Hörmüz boğazında yaranmış vəziyyətin qlobal enerji və ticarətə təsiri davam etdiyi bir vaxtda, Bab-əl-Məndəbdə təhlükəsizlik böhranının dərinləşməsi dünya dəniz nəqliyyatı üçün əlavə risk yaradıb. Qlobal dəniz ticarətinin təxminən 10 faizi, xam neft daşımalarının isə 12 faizi bu boğazdan keçir. Buna görə də gəmi hərəkətinin kəskin azalması təchizat zəncirlərinə əlavə təzyiq yaradır.
Yəməndə münaqişənin iyul ayından etibarən yenidən şiddətlənməsi bölgədəki nəzarət balansına da təsir edib. Hodeydə quberniyasını tamamilə ələ keçirdikdən sonra husilərin (“Ənsar Allah” hərəkatı) qərbə, Taizə doğru irəlilədiyi və Qırmızı dəniz sahilində yerləşən Muxa ilə Bab-əl-Məndəbə aparan marşrutların döyüşlərin əsas istiqamətlərindən birinə çevrildiyi bildirilir. Muxanın ələ keçirilməsindən sonra Bab-əl-Məndəb ətrafındakı Haniş adaları, Mayyun adası və Zubab bölgəsində də nəzarətin dəyişməsi boğazın təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirib. Xüsusilə ticarət gəmilərinin hərəkəti üçün istifadə olunan qərb kanalının girişində yerləşən Mayyun adası üzərində nəzarətin dəyişməsi dəniz nəqliyyatı üçün riskləri artırıb.
Bölgədəki hərbi fəaliyyət kommersiya gəmiçiliyinə birbaşa təsir göstərib. IMF PortWatch məlumatlarına görə, adətən gündə orta hesabla 33 kommersiya gəmisinin keçdiyi Bab-əl-Məndəbdə gəmi sayında 88 faiz azalma qeydə alınıb. Son 24 saat ərzində boğazdan cəmi 4 kommersiya gəmisi keçib.
Neft və kimyəvi məhsullar daşıyan tankerlərin hərəkətində azalma daha kəskin olub. Bu kateqoriyada gəmi keçidləri 91 faiz azalaraq son 24 saatda cəmi 1 gəmi təşkil edib. Konteyner gəmilərinin keçidi isə normal orta göstəricidən 86 faiz aşağı olub.
Yüksək təhlükəsizlik risklərinə baxmayaraq, boğazdan keçən məhdud sayda gəminin Panama, Sinqapur, Liberiya və Efiopiya bayraqları altında üzdüyü müşahidə edilib.
Şəbnəm Mehdizadə