- 17:05
İspaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində bir nəfər həyatını itirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Pedro Sançez məlumat verib. Onun sözlərinə görə, ötən gecə İspaniyanın şərqindəki Kataloniya, Valensiya, Mursiya və Balear adaları bölgələrində güclü yağışlar müşahidə olunub. Barselonanın Olivella yaşayış məntəqəsində içində olduğu avtomobilin sel suları ilə aparılması nəticəsində bir nəfər boğularaq həlak olub.
Rəsmilər bildiriblər ki, əlverişsiz hava şəraiti səbəbindən Barselonanın "El Prat" hava limanında 23 reys ləğv edilib. Üç metro stansiyası və iki əsas yol nəqliyyatın hərəkəti üçün bağlanıb, 7500-dən çox abonent elektrik enerjisiz qalıb və bir çox ərazidə məktəblər bu gün bağlanıb. Güclü yağışlardan ən çox zərər çəkən bölgələrdən biri olan Valensiyada təcili yardım qrupları təxminən 500 hadisəyə müdaxilə edib. Daşqın səbəbindən Valensiya Hava Limanı müvəqqəti olaraq bağlanıb və bəzi uçuşlar digər şəhərlərə yönləndirilib.
Güclü fırtınanın cənubdakı Əndəlüs bölgəsində yerləşən Almeriyaya çatması ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edilib.
Həmçinin, güclü yağış səbəbindən "Levante" və "Atletik Bilbao" komandaları arasında keçirilməli olan La Liqa matçının təxirə salındığı bildirilib.
Şəbnəm Mehdizadə