Almaniya məhkəməsi "Meta"nı saxta reklamlara görə məsuliyyətə cəlb edib


  • 17:05

Almaniyanın Frankfurt Regional Məhkəməsi "Meta" şirkətinin "Facebook" və "Instagram" platformalarında üçüncü tərəflərin yayımladığı saxta reklamlara görə hüquqi məsuliyyət daşıması barədə qərar qəbul edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə iddiası onlayn rejimdə maliyyə məhsulları üzrə müqayisə kalkulyatorları, sınaq hesabatları və istehlakçı bələdçiləri təqdim edən maliyyə portalı və həmin portalın geniş tanınan təsisçisi tərəfindən qaldırılıb.

Məhkəmə "Meta"ya saxta reklamların yayımını dayandırmaq, zərərçəkən tərəflərə təzminat ödəmək və həmin reklamlardan əldə edilən kommersiya gəlirlərini açıqlamaq öhdəliyi qoyub.

İş materiallarına görə, naməlum şəxslər maliyyə portalının loqosundan və təsisçinin fotoşəkillərindən icazəsiz istifadə edərək saxta maliyyə məhsullarını reklam ediblər. İddiaçı şirkət bildirib ki, yalnız 2024-cü ilin avqustunda "Meta"ya bu cür təxminən 260 pozuntu barədə məlumat verib. Şirkətin açıqlamasına görə, platformanın həmin məzmunu silməsi orta hesabla 62 gün çəkib. Məhkəmə saxta reklamların şirkətin korporativ imic hüququnu və təsisçinin şəxsi hüquqlarını ciddi şəkildə pozduğunu müəyyən edib.

Qərarda "Meta"nın məzmundan xəbərsiz olması ilə bağlı müdafiəsi də rədd edilib. Məhkəmə bildirib ki, platforma yalnız istifadəçilərin xronoloji məzmun axınını təqdim etmir, eyni zamanda alqoritmlər və avtomatlaşdırılmış reklam hərracları vasitəsilə məzmunun yayılmasına birbaşa təsir göstərir.

Məhkəmə həmçinin Avropa İttifaqı Ədalət Məhkəməsinin son qərarına istinad edərək “Meta”nın Avropa İttifaqının Rəqəmsal Xidmətlər Qanununda (DSA) nəzərdə tutulan məsuliyyətdən azadolma müddəalarına əsaslana bilməyəcəyinə qərar verib.

Qərara əsasən, ABŞ-də yerləşən texnologiya şirkəti iddiaçıya saxta reklamlardan əldə olunan bütün gəlirlərin təsnifatını da təqdim etməlidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər