İtaliyada kafedə turistdən musiqi üçün 7 avro aldılar


  • 11:27

İtaliyanın Venesiya şəhərində, Müqəddəs Mark meydanında yerləşən tarixi kafelərdən birində hesaba əlavə edilən 7 avroluq "musiqi haqqı" turistin diqqətini çəkib.

E-huquq.az xəbər verir ki, Toskanadan Venesiyaya səfər edən Simona Pera qəbz üzərində "music surcharge" qeyd edilən əlavə ödənişin fotosunu sosial media hesabında paylaşıb. Qəbzdə iki kruassan üçün 31 avro, iki "Aperol Spritz" kokteyli üçün 34 avro və canlı musiqi ifasına görə 7 avro ödəniş göstərilib. Beləliklə, ümumi hesab 72 avro təşkil edib. Pera bildirib ki, kafedə müştərilər üçün üç musiqiçidən ibarət kiçik orkestr çıxış edib. O, Müqəddəs Mark meydanında yerləşən kafedə oturmağın baha başa gələcəyini əvvəlcədən bildiyini, lakin musiqiyə görə ayrıca ödəniş tələb olunmasına təəccübləndiyini qeyd edib.

Venesiyada restoran və kafelərin hesaba müxtəlif əlavə ödənişlər daxil etməsi halları ilə rastlaşmaq mümkündür. Şəhərdə turist axınının yaratdığı yükü azaltmaq məqsədilə də müxtəlif tədbirlər həyata keçirilir. Venesiya gecələyən turistlərdən şəhər vergisi almaqla yanaşı, yalnız bir günlük səfər edənlər üçün də giriş haqqı tətbiq edir. Bir günlük səfərlər üçün giriş haqqı ilk dəfə 2024-cü ilin aprelində turist axınının yüksək olduğu günlərdə 5 avro məbləğində tətbiq edilib. 2025-ci ildə isə səfərini ən azı dörd gün əvvəl bron etməyənlər üçün ödəniş 10 avroya yüksəldilib və rüsumun tətbiq olunduğu günlərin sayı 54-ə çatdırılıb.

Turist axınının tənzimlənməsi məqsədilə Avropanın digər şəhərlərində də oxşar tədbirlər görülür. Romada gecələyən turistlərdən sabit məbləğdə turizm vergisi tutulur, Amsterdamda isə yerləşmə xərclərinin 12,5 faizi həcmində turizm vergisi tətbiq edilir. İngiltərənin Mançester şəhərində turist rüsumunun tətbiqinə başlanılıb. Şotlandiyanın Edinburq şəhərində də oxşar tədbirin həyata keçirilməsi gözlənilir. İspaniyanın Balear adalarında isə turistlərdən mövsümə uyğun dəyişən yerli turizm vergisi alınır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər