- 11:27
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə cəhd edən Toqo bayraqlı neft tankerinin vurulduğunu açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri yazılı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Toqo bayrağı altında üzən "Trend" adlı neft tankeri ABŞ hərbçilərinin təxribatı nəticəsində Hörmüz boğazından keçməyə cəhd edərkən hədəfə alınıb. Məlumata görə, tanker vurularaq hərəkətsiz vəziyyətə gətirilib və gəminin göyərtəsində yanğın baş verib.
SEPAH həmçinin bildirib ki, Hörmüz boğazından keçməyə cəhd edən digər gəmilər də hədəfə alınacaq.
Qeyd edək ki, İranla ABŞ və İsrail arasında 28 fevralda başlayan hərbi qarşıdurmadan sonra İran Hörmüz boğazından keçidi dayandırıb və icazəsiz keçməyə cəhd edən gəmilərə qarşı tədbirlər görməyə başlayıb.
Şəbnəm Mehdizadə