3 il qapı dayağı kimi istifadə olunan tapıntı qızıl külçəsi çıxdı: ABŞ tarixini dəyişən kəşf


  • 12:48

ABŞ-nin Şimali Karolina ştatında 12 yaşlı uşağın çayda tapdığı 7,7 kiloqramlıq daşın illər sonra xalis qızıl olduğu üzə çıxıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 12 yaşlı Konrad Rid ailəsinin mülkiyyətindən keçən "Little Meadow Creek" adlı arxda təxminən 17 funt (7,7 kq) ağırlığında sarı rəngli bir daş tapıb. Daşın qızıl olduğunu anlamayan Rid ailəsi onun dəyərindən xəbərsiz olduğu üçün tapıntını təxminən üç il ərzində evlərində qapı dayağı kimi istifadə edib.

1802-ci ildə Konradın atası Con Rid daşı dəqiqləşdirmək üçün Fayetvildəki bir zərgərə aparıb. Zərgər onun xalis qızıl olduğunu anlasa da, ailənin xəbərsizliyindən istifadə edərək külçəni cəmi 3,50 dollara almağa razılaşıb. Həmin dövrdə daşın tərkibindəki qızılın faktiki dəyəri təxminən 3600 dollar təşkil edirdi. Sonradan zərgərin qızılı bir neçə min dollara satdığını öyrənən Con Rid zərgərin yanına qayıdaraq kompensasiya tələb edib və əlavə olaraq təxminən 3000 dollar ödəniş ala bilib.

Ərazidə daha çox qızıl ola biləcəyini anlayan Rid ailəsi ətrafda genişmiqyaslı axtarışlara başlayıb. 1803-cü ildə tərəfdaşların da cəlb edilməsi ilə bölgədə mədənçilik fəaliyyəti sürətlə genişlənib. Bu kəşfin ardınca qızıl axtarışı işlərinin bütün bölgəyə yayılması nəticəsində Şimali Karolina, 1848-ci ildə Kaliforniyadakı məşhur "qızıl həyəcanı" başlayana qədər ABŞ-nin əsas qızıl hasilatı mərkəzinə çevrilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər