- 13:11
Almaniya, Danimarka, Niderland, Avstriya və Finlandiya liderləri Avropa İttifaqı (Aİ) Komissiyasının 2028–2034-cü illər üçün təklif etdiyi təxminən 2 trilyon avroluq uzunmüddətli büdcənin bir neçə yüz milyard avro azaldılmasına çağırıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat "Politico" nəşrində dərc olunan Almaniya kansleri Fridrix Merz, Danimarkanın Baş naziri Mette Frederiksen, Niderlandın Baş naziri Rob Jetten, Avstriya kansleri Kristian Ştoker və Finlandiyanın Baş naziri Petteri Orponun Aİ-nin gələcək uzunmüddətli büdcəsinə dair birgə məqaləsində yer alır.
Liderlərin sözlərinə görə, mövcud şəraitdə Avropa cəsarətli qərarlar qəbul etməlidir. Onlar büdcə məhdudiyyətləri fonunda yeni prioritetlərin mövcud xərclərin üzərinə əlavə edilməklə maliyyələşdirilməsinin mümkün olmadığını vurğulayıblar. Beş ölkənin lideri Aİ-nin uzunmüddətli büdcəsində təhlükəsizlik, müdafiə, rəqabətqabiliyyətlilik və innovasiya kimi sahələrə daha çox diqqət ayrılmasını tələb edib. Onlar bunun üçün mövcud xərcləmə prioritetlərinin yenidən müəyyənləşdirilməsinin zəruri olduğunu bildiriblər. Liderlər Avropa Komissiyasının hazırladığı yeni büdcə təklifinin mövcud iqtisadi və siyasi reallıqları tam əks etdirmədiyini qeyd edərək, ümumi məbləğin bir neçə yüz milyard avro azaldılmasını istəyiblər.
Onlar üzv dövlətlərin dövlət maliyyələrinə nəzarəti təmin etmək məqsədilə sərt qərarlar qəbul etdiyi bir vaxtda Aİ institutlarının da maliyyə intizamına riayət etməli olduğunu bildiriblər. Liderlər həmçinin Aİ qurumlarında işçi sayının artırılmasına qarşı çıxıblar. Bəyanatda büdcə qənaətindən əldə olunacaq vəsaitlərin Avropanın təhlükəsizliyi və iqtisadi gücü baxımından prioritet hesab edilən sahələrə yönəldilməsinin vacibliyi vurğulanıb.
Almaniya, Danimarka, Niderland, Avstriya və Finlandiya liderləri Aİ səviyyəsində birgə borclanma hesabına yeni xərclərin maliyyələşdirilməsinə də qarşı çıxıblar. Onlar COVID-19 pandemiyasından sonra yaradılmış bərpa fondu çərçivəsində yaranan borcun ödənilməsinin gələcək büdcə üçün ciddi maliyyə yükü yaradacağını bildiriblər. Liderlərin sözlərinə görə, 2028-2034-cü illər büdcəsi çərçivəsində həmin borcların qaytarılmasına təxminən 170 milyard avro tələb olunacaq. Bəyanatda ödənişlərin təxirə salınmasının problemin həlli olmadığı qeyd edilib.
Beş ölkənin Aİ büdcəsinin təxminən 40 faizini maliyyələşdirdiyini bildirən liderlər qeyd ediblər ki, bu dövlətlər Aİ üzv ölkələrinin Ukraynaya göstərdiyi ikitərəfli dəstəyin təxminən 70 faizini təmin edir. Onlar Avropanın təhlükəsizliyi baxımından Ukraynaya dəstəyin davam etdirilməsinin vacib olduğunu vurğulamaqla yanaşı, digər Aİ üzvlərinin də bu məsələdə daha çox məsuliyyət daşımalı olduğunu bildiriblər. Aİ-nin uzunmüddətli büdcəsi yeddiillik dövrlər üzrə hazırlanır və həmin müddət üçün xərcləmə limitləri müəyyən edilir. Avropa Komissiyası həmin dövr üçün təxminən 2 trilyon avro həcmində büdcə təklif edib. Komissiyanın planına əsasən, təhlükəsizlik və müdafiə, rəqabətqabiliyyətlilik, miqrasiya, enerji, eləcə də iqlim dəyişikliklərinə qarşı dayanıqlılıq kimi sahələrə daha çox vəsait ayrılması nəzərdə tutulur. Təklif büdcənin daha çevik olmasını və maliyyələşdirmə proqramlarının sadələşdirilməsini də nəzərdə tutur. Yeni maliyyə çərçivəsinin 1 yanvar 2028-ci ildə qüvvəyə minməsi üçün siyasi razılaşma əldə edilməlidir. Aİ-nin uzunmüddətli büdcəsinin təsdiqi Avropa Parlamentinin razılığını və Aİ Şurasında üzv dövlətlərin yekdil qərarını tələb edir.
Büdcə danışıqları ənənəvi olaraq üzv dövlətlərin maliyyə töhfələri, vəsaitlərin bölüşdürülməsi və prioritet sahələrin müəyyənləşdirilməsi ilə bağlı fikir ayrılıqları ilə müşayiət olunur.
Şəbnəm Mehdizadə