Konqoda Eboladan ölənlərin sayı 3 577-ə çatıb


  • 14:56

Konqo Demokratik Respublikasında (KDR) mayın 15-də elan edilən Ebola epidemiyası nəticəsində virusa yoluxanların sayı 7 404-ə, ölənlərin sayı isə 3 577-yə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatına görə, Ebola epidemiyası ölkənin 7 əyalətinin 62 bölgəsində yayılıb. Ölkədə indiyədək 7 404 yoluxma halı qeydə alınıb. Virus səbəbindən 3 577 nəfər həyatını itirib, 1 776 xəstə isə sağalıb. Son 24 saat ərzində 23 xəstənin sağaldığı bildirilib.

Haut-Uele, Cənubi Kivu və Cənubi Ubangi əyalətlərində isə yeni yoluxma halı qeydə alınmayıb.

Epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə bəzi əyalətlərdə peyvəndləmə işləri sürətləndirilib. Sərhəd-keçid məntəqələrində nəzarət və əhali arasında maarifləndirmə tədbirləri də davam etdirilir.

Qeyd edək ki, qanaxmalı qızdırmaya səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və KDR-in Yambuku şəhərlərində eyni vaxtda baş verən epidemiyalar zamanı aşkarlanıb. Xəstəlik KDR-də Ebola çayının yaxınlığındakı kəndlərdən birində yayıldığı üçün virusa həmin çayın adı verilib.

Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada da yayılıb. 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verən epidemiya zamanı təxminən 30 min nəfər virusa yoluxub, 11 mindən çox insan həyatını itirib.

KDR-in şərqində yerləşən İturi əyalətində 246 yoluxma halı və 65 ölüm qeydə alındıqdan sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan edilib.

Səhiyyə rəsmilərinin məlumatına görə, may ayında yayılan “Bundibugyo” Ebola variantına qarşı təsdiqlənmiş müalicə və ya peyvənd mövcud deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər