Ayda 100 ildə bir dəfə görünən ölçüdə nəhəng krater kəşf edildi


  • 15:23

NASA-nın Ayın orbitində fəaliyyət göstərən "Lunar Reconnaissance Orbiter" (LRO) aparatı Ay səthində son bir əsrdə yaranmış ən böyük yeni zərbə kraterini aşkar edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "McGetchin" adı verilən kraterin 2024-cü ilin aprel-may ayları arasında asteroid və ya kometanın bir hissəsinin Ay səthinə çırpılması nəticəsində yarandığı müəyyənləşdirilib.

Tədqiqatçılar krateri ötən il Ayın köhnə və yeni peyk görüntülərini müqayisə edərkən aşkarlayıblar. Təxminən 222 metr diametrə və 43 metr dərinliyə malik olan "McGetchin" LRO-nun fəaliyyəti dövründə qeydə aldığı ən böyük yeni kraterdir.

Alimlərin hesablamalarına görə, bu ölçüdə zərbənin Ayda orta hesabla yalnız 100 ildən bir baş verməsi mümkündür.

Araşdırma nəticələri göstərir ki, kosmik cismin Ay səthinə çırpılmasının təsiri yalnız kraterin yaranması ilə yekunlaşmayıb. Zərbə ətraf ərazidə geniş dağıntı və qalıq təbəqəsinin formalaşmasına, həmçinin səthin istilik xüsusiyyətlərinin dəyişməsinə səbəb olub.

Gecə aparılan ölçmələr zamanı kraterin ətrafında daha geniş və ətraf səthlə müqayisədə daha soyuq ərazi müəyyən edilib. Alimlər hesab edirlər ki, zərbə Ay torpağının strukturunu boşaldaraq daha yumşaq təbəqə yaradıb və bunun nəticəsində səthin istiliyi saxlamaq qabiliyyəti azalıb.

Ay səthindəki kraterlərin böyük hissəsinin milyonlarla il əvvəl formalaşdığı nəzərə alınarsa, "McGetchin"in olduqca yeni və demək olar ki, toxunulmamış vəziyyətdə olması alimlər üçün mühüm tədqiqat imkanı yaradır.

Kraterin müxtəlif geoloji strukturların kəsişdiyi ərazidə yerləşməsi də tədqiqatçılara kosmik zərbələrin Ay səthinə təsirini daha ətraflı öyrənmək imkanı verir.

Mütəxəssislər hesab edirlər ki, gələcəkdə Ay səthinə göndəriləcək insanlı və ya pilotsuz missiyaların bu əraziyə səfər etməsi mühüm elmi məlumatlar verə bilər. Xüsusilə səthin strukturu və zərbə nəticəsində ətrafa yayılan materialların yerində araşdırılması Ayın regolit təbəqəsinin kosmik avadanlıqlara təsirinin daha yaxşı anlaşılmasına kömək edə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər