İngiltərədə selə dayanıqlı ev inşa edilib


  • 15:34

İngiltərədə selə dayanıqlı ev inşa edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin Bakinqemşir bölgəsində, Temza çayı üzərindəki kiçik bir adada yerləşən "Formosa" adlı ev daşqınlara davamlı olacaq şəkildə inşa edilib. Sözügedən ev daşqın zamanı suyun səviyyəsi ilə birlikdə yuxarı qalxaraq su altında qalmaqdan xilas olur. Normal şəraitdə bu tikili adi bir ev kimi yerin üzərində dayanır. Lakin çay məcrasından çıxıb ərazini su basdıqda vəziyyət dəyişir. Tikilinin altındakı beton özül, suyun qaldırıcı qüvvəsindən istifadə edərək bütün evi yuxarı qaldırır. Evi yerində saxlayan dörd şaquli sütun binanın axınla aparılmasının qarşısını alır və onun yalnız şaquli istiqamətdə, yuxarı və aşağı hərəkət etməsinə imkan verir.

Su və elektrik kimi kommunikasiya xətləri, evin daxilində gündəlik həyatın fasiləsiz davam etməsini təmin etmək məqsədilə xüsusi elastik şlanqlar vasitəsilə quraşdırılıb. Bu sistem sayəsində, ev suyun səviyyəsi ilə birlikdə 3 metrə qədər yüksəldikdə belə kommunikasiya xətləri qırılmır; su çəkildikdə isə bina dəqiq şəkildə öz ilkin vəziyyətinə qayıdır.

Layihə müəllifləri bildirirlər ki, 2019-2020-ci illərin qışında baş verən güclü daşqınlar zamanı ev heç bir problem olmadan qalxıb-enə bilib.

Bununla belə, evin üzmə qabiliyyəti strukturu zədələnmədən qorusa da, güclü daşqın xəbərdarlığı zamanı içəridə qalmaq təhlükəsiz deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər