Şri-Lankada kütləvi məzarlıqda 572 nəfərin qalıqları aşkar edilib


  • 15:27

Şri-Lankanın şimalında qəbiristanlığın genişləndirilməsi zamanı aşkarlanan kütləvi məzarlıqda 572 nəfərə aid insan qalıqları müəyyən edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Cəffna bölgəsinin Çemmani ərazisində baş verib. Ötən ilin fevralında krematoriyanın genişləndirilməsi məqsədilə aparılan qazıntı işləri zamanı insan qalıqları aşkarlanıb. Bundan sonra ərazidə qazıntı işlərinə başlanılıb. İşlərin üçüncü mərhələsi avqust ayında başa çatıb və nəticədə uşaqlar və körpələr də daxil olmaqla, 572 nəfərə aid skelet qalıqları üzə çıxarılıb. Qazıntılar zamanı insan qalıqları ilə yanaşı, qolbaqlar, məktəb çantaları və körpə qidalandırma şüşələri kimi şəxsi əşyalar da aşkarlanıb. Sözügedən məzarlıq Şri-Lankada indiyədək aşkarlanmış ən böyük kütləvi məzarlıq hesab olunur.

1983-2009-cu illərdə Şri-Lankada hökumət qüvvələri ilə "Tamil Pələngləri" kimi tanınan separatçı qrup arasında vətəndaş müharibəsi baş verib. 26 il davam edən münaqişə nəticəsində təxminən 100 min nəfərin öldüyü, 23 minə yaxın şəxsin isə itkin düşdüyü bildirilir. 1995-ci ildə Cəffna yarımadasına nəzarəti ələ keçirən ordu Çemmani ərazisini yüksək təhlükəsizlik zonası elan edib. Sonrakı illərdə həmin dövrdə minlərlə mülki şəxsin itkin düşməsinə görə təhlükəsizlik qüvvələrinin məsuliyyət daşıdığı barədə ittihamlar səsləndirilib. Hökumət isə bu ittihamları rədd edib. Çemmanidə yeni kütləvi məzarlığın aşkarlanması itkin düşmüş şəxslərin yaxınlarının yenidən etiraz aksiyaları keçirməsinə və beynəlxalq araşdırma tələb etməsinə səbəb olub.

İnsan hüquqları təşkilatları qalıqların paltarsız vəziyyətdə və dar, dayaz çuxurlarda basdırılmasının mümkün məhkəmədənkənar edamlarla bağlı suallar yaratdığını bildiriblər. Şri-Lanka İnsan Hüquqları Komissiyasının məlumatına görə, dəfn prosesi ənənəvi hindu adətlərinə uyğun aparılmayıb və qanunsuz edamların baş verməsi ehtimalı araşdırılmalıdır. Prezident Anura Kumara Dissanayake hökumətin istintaqla tam əməkdaşlıq edəcəyini və aşkarlanan qalıqların, o cümlədən DNT analizi vasitəsilə, ətraflı şəkildə araşdırılacağını açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər