- 16:44
ABŞ-nin Texas ştatının Ostin şəhərində ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşının nəqliyyat vasitəsini saxladığı zaman 28 yaşlı Venesuela vətəndaşına atəş açaraq onu yaralaması etiraz aksiyasına səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, insident zamanı güllə gövdəsinə dəyən Wilber Rafael Garces Perez xəstəxanaya yerləşdirilib. Rəsmilərin məlumatına görə, onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Ostin polisinin rəisi Liza Devis keçirdiyi mətbuat konfransında bildirib ki, hadisə nəqliyyat vasitəsinin saxlanılması zamanı baş verib. Onun sözlərinə görə, şəhər polisi əməliyyatda və ya silahlı qarşıdurmada iştirak etməyib. Texas İctimai Təhlükəsizlik Departamenti (DPS) isə ICE-nin yerli vaxtla saat 12:50-də nəqliyyat vasitəsinin təqib edilməsi ilə bağlı yardım istədiyini açıqlayıb. DPS əməkdaşları hadisə yerinə çatanda silahlı qarşıdurmanın artıq baş verdiyi bildirilib.
Ostin şəhərinin meri Kirk Uotson qurumun insidenti təkbaşına araşdırmasının məqsədəuyğun olmadığını bildirib. O, şəhər polisinin də araşdırmaya cəlb edilməsini tələb edib.
Silahlı qarşıdurmanın baş verdiyi ərazidə təxminən 100 nəfərin iştirakı ilə ICE-yə qarşı etiraz aksiyası keçirilib. Təhlükəsizlik qüvvələrinin geniş tədbirlər gördüyü aksiya zamanı bəzi nümayişçilərlə polis arasında mübahisə yaranıb. Bəzi sürücülər isə etirazçılara dəstək məqsədilə avtomobillərinin siqnallarını səsləndiriblər.
İnsident ABŞ-da ICE əməkdaşlarının iştirakı ilə baş verən digər ölümcül hadisələri də yenidən gündəmə gətirib.
Şəbnəm Mehdizadə