Pakistan Əfqanıstana hava zərbələri endirib: 28 nəfər ölüb


  • 16:17

Pakistan Əfqanıstan sərhədində yerləşən “terrorçu mövqelərinə” hava zərbələri endirdiyini açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar nəticəsində 28 nəfərin öldürüldüyü bildirilib.

Pakistanın Hayber-Paxtunxva əyalətində təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən hücumlardan sonra İslamabad Əfqanıstan sərhədindəki bəzi mövqelərə hava əməliyyatları keçirib.

Bildirilib ki, zərbələr Hayber-Paxtunxvada son terror hücumlarına görə məsuliyyət daşıyan qrupların gizləndiyi mövqelərə endirilib.

Açıqlamada üç hədəfin, o cümlədən kamikadzelərin təlim mərkəzinin dəqiq zərbələrlə məhv edildiyi və çox sayda kamikadze ilə birlikdə 28 terrorçunun öldürüldüyü bildirilib.

Həmçinin qeyd olunub ki, əldə edilən kəşfiyyat məlumatları əsasında Əfqanıstan ərazisində “Təhrik-i-Taliban Pakistan” (TTP) və onunla əlaqəli qruplara məxsus terror düşərgələri və sığınacaqlar hədəfə alınıb.

Əfqanıstan rəsmilərinin məlumatına görə, hava zərbələri nəticəsində mülki yaşayış məntəqələrinə də ziyan dəyib.

Xatırladaq ki, Pakistanın Hayber-Paxtunxva əyalətinin Kohat rayonunda cümə günü polis məntəqəsinin ərazisindəki məscidin yaxınlığında hücum baş verib. Cümə namazı zamanı törədilən bombalı hücum nəticəsində 16-sı polis əməkdaşı olmaqla, 31 nəfər həyatını itirib. Əyalətin Həngu rayonunda isə ötən gün silahlılarla Pakistan ordusunun hərbçiləri arasında baş verən toqquşmada 5 hərbçi həlak olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər