Yaponiyada mənzərə seyr etmək üçün tikilən stansiya turistlərin diqqətini çəkməyib


  • 16:57

Yaponiyada dağlar və çay arasında inşa edilən, piyada giriş-çıxışının olmadığı Seiryu Miharashi stansiyası gözlənilən turist marağını yarada bilməyib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin sayının azalması ilə üzləşən kənd dəmir yolu xətlərindən biri turistləri cəlb etmək məqsədilə qeyri-adi layihəyə əl atıb.

Nishikigawa Dəmir Yolu şirkəti Nişiki çayının mənzərəsini nümayiş etdirmək üçün Seiryu Miharashi stansiyasını istifadəyə verib. Stansiyanın nə giriş qapısı, nə pilləkəni, nə də ətraf əraziyə çıxışı var. Platformaya çatmağın yeganə yolu qatardır. Ərazidə avtomobil yolu olmadığı üçün stansiyanın tikintisi zamanı istifadə olunan materiallar da dəmir yolu vasitəsilə daşınıb. Daşqınlar səbəbindən tikintisi gecikən layihə 2019-cu ildə istifadəyə verilib və onun inşasına təxminən 100 milyon yen vəsait xərclənib.

Stansiyanın əsas məqsədi yaxınlıqdakı ABŞ hərbi bazasından turistləri cəlb etmək olub. İl ərzində təxminən 4 600 ziyarətçinin qəbul ediləcəyi gözlənilsə də, real göstərici 1 000 nəfərə belə çatmayıb. Stansiyanın digər maraqlı xüsusiyyəti isə adi qatarların burada dayanmayıb yalnız sürəti azaltmasıdır. Sərnişinlər platformada düşə bilmirlər.

Mənzərəni seyr etmək istəyənlər ayda bir dəfə təşkil olunan xüsusi ekskursiya qatarlarından istifadə etməlidirlər. Bu qatarlarla səyahət etmək üçün biletləri əvvəlcədən onlayn sifariş etmək tələb olunur.

Seiryu Miharashi stansiyası Yaponiyanın sərnişin axını azalan kənd dəmir yollarında turist cəlb etmək üçün tətbiq etdiyi qeyri-adi yanaşmalardan biri kimi diqqət çəkir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər