- 11:32
ABŞ-ın şərq sahilində yerləşən bir sıra hava limanlarında yüzlərlə uçuş texniki nasazlıq səbəbindən gecikib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, buna tikinti işləri zamanı hava hərəkətinə nəzarət sistemi üçün mühüm əhəmiyyət daşıyan telekommunikasiya kabelinin təsadüfən zədələnməsi səbəb olub. Belə ki, bazar ertəsi günortadan sonra Nyu-York, Nyu-Cersi, Pensilvaniya və Massaçusets ştatlarındakı bəzi hava limanlarında uçuşlarda ciddi ləngimələr yaranıb. ABŞ-nin nəqliyyat naziri Şon Daffi kabelin təmir edildiyini və hava limanlarının fəaliyyətinin bərpa olunduğunu bildirib. Bununla belə, yaranmış sıxlıq səbəbindən gecikmələrin bir müddət davam edə biləcəyi qeyd olunub.
Məlumata görə, nasazlıq təyyarələrin qalxması və enişini tənzimləyən “Terminal Radar Approach Control” (Terminal Radar Yaxınlaşma Nəzarəti) sisteminə təsir göstərib.
Nyu-Cersi ictimai nəqliyyat idarəsi “NJ Transit”in açıqlamasında bildirilib ki, qurumun podratçısı qazıntı işləri zamanı kabeli təsadüfən zədələyib. Hadisəyə qazıntı sahəsində kommunikasiya xətlərinin işarələnməsi ilə bağlı səhvin səbəb olduğu bildirilib.
Kabelin sahibi olan "Verizon" şirkəti isə hadisəyə görə məsuliyyət daşımadığını bildirib.
Uçuşları izləyən "FlightAware" platformasının məlumatına əsasən, nasazlıqdan ən çox Nyu-Cersidə yerləşən Nyuark Liberti Beynəlxalq Hava Limanı təsirlənib. Burada 267 uçuşun yola düşməsində, 257 uçuşun isə enişində gecikmə qeydə alınıb.
Hadisə Nyu-Yorkda çərşənbə axşamı başlayacaq Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası ərəfəsində baş verib. Tədbirdə çoxsaylı dünya liderinin iştirakı gözlənilir.
Şəbnəm Mehdizadə