Brüsselin mərkəzində spirtli içki qadağası daha 4 il uzadılıb


  • 16:09

Belçikanın paytaxtı Brüsseldə şəhər mərkəzinin müəyyən hissələrində ictimai yerlərdə spirtli içki qəbuluna tətbiq edilən qadağanın müddəti daha dörd il uzadılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Brüssel Şəhər Şurası əvvəllər hər il yenilənən qadağanın növbəti dörd il ərzində qüvvədə saxlanılması barədə qərar qəbul edib.

Qadağa şəhərin piyada zonasına, eləcə də mərkəzdə yerləşən müəyyən küçə və meydanlara şamil olunur. Sutka ərzində, yəni 24 saat qüvvədə olan məhdudiyyət restoran və barların açıq havadakı meydançalarına, həmçinin bələdiyyə tərəfindən təsdiqlənən və ya təşkil olunan kommersiya, əyləncə və idman tədbirlərinə aid edilmir.

Qadağanı pozan şəxslər 500 avroyadək inzibati cərimə ilə üzləşə bilərlər.

Məhdudiyyət şəhər mərkəzində sərxoş şəxslərin yaratdığı səs-küy və təhlükəsizlik problemləri ilə bağlı şikayətlərdən sonra 2020-ci ilin fevralında tətbiq olunub.

İlkin mərhələdə qadağa yalnız gecə yarısından səhər saatlarınadək qüvvədə olub. 2021-ci ilin oktyabrında isə onun əhatə dairəsi genişləndirilib və əlavə küçə və meydanlarda, sutka ərzində tətbiq edilməsinə qərar verilib.

Sonrakı illərdə Brüssel Şəhər Şurasının qərarları ilə qadağanın qüvvədəolma müddəti hər dəfə bir il olmaqla uzadılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər