Norveçdə otlaq sahəsində 560 milyon illik nadir heyvan fosili aşkarlanıb


  • 16:30

Norveçin Arktika bölgəsində yerləşən otlaq sahəsində 560 milyon il əvvələ aid, üçölçülü formada qorunmuş nadir heyvan fosili aşkarlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, tapıntı Avropada onilliklər ərzində aşkar edilən bu tipli ilk əhəmiyyətli yeni fosil məkanlarından biri hesab olunur. Şimali Norveçin Finnmark bölgəsində qayadan qoyun otlağına düşərək iki yerə parçalanan süxurların daxilində qıjıya bənzər Charnia orqanizminin fosilləri aşkar edilib. Alimlərin fikrincə, bu orqanizm Yer üzündə yaşamış ən qədim heyvan növlərindən biri ola bilər. Üçölçülü formasını qoruyub saxlayan nümunə Charnia növünə aid məlum olan ən qədim heyvan fosilləri sırasındadır. Tapıntı həmçinin Skandinaviyada təsdiqlənmiş ilk Charnia fosili olmaqla yanaşı, Avropada uzun müddətdən sonra aşkar edilən mühüm yeni fosil məkanı kimi qiymətləndirilir.

Əvvəllər ərazinin yaxınlığındakı qayalarda qədim dəniz dibinə yapışaraq yaşayan orqanizmlərin izləri aşkar edilsə də, həmin canlıların öz fosilləri tapılmayıb. Qoyun otlağında iki yerə parçalanan qayalar isə daha zəngin fosil məlumatlarının əldə edilməsinə imkan verib. Bu orqanizmlər Yer üzündə mürəkkəb həyatın ilk dəfə meydana çıxdığı Ediakara dövründə yaşayıb. Həmin dövrə aid fosillərin əksəriyyəti yalnız bir neçə məkandan məlumdur. Bunun əsas səbəblərindən biri qədim yumşaq bədənli canlıların qalıqlarını qoruyub saxlaya bilən süxurların nadir olmasıdır. Kembric Universitetinin Yer Elmləri Departamentinin əməkdaşı, tədqiqatın aparıcı müəllifi Dr. Yorik Vinma bildirib ki, Ediakara dövrünə aid geniş süxur qeydləri mövcud deyil. Onun sözlərinə görə, fosillərin qorunması üçün canlıların qalıqlarının çökmə süxurların tərkibində qalması vacibdir. Bu cür süxurların az olduğu ərazilərdə fosillərin aşkar edilməsi də çətinləşir.

Alimlər üçün başqa bir çətinlik isə həmin dövrdə yaşayan orqanizmlərin bədən quruluşudur. Qıjıyabənzər görünüşünə baxmayaraq, Charnia ağız, daxili orqanlar və hərəkət etməyə imkan verən əlavələrə malik olmayıb. Orqanizmin əsasən bir yerdə hərəkətsiz qalan, maye ilə dolu kisəyə bənzədiyi bildirilir. Kembric Universitetinin tədqiqatın həmmüəllifi professor Neil Deyvis qeyd edib ki, Ediakara dövrünün fosil qeydlərinin öyrənilməsində əsas çətinliklərdən biri həmin dövrdəki orqanizmlərin böyük hissəsinin yumşaq bədənli və skeletsiz olmasıdır. Bu isə onların fosilləşməsini olduqca çətinləşdirib.

Norveçdəki nümunənin üçölçülü şəkildə qorunmasına isə sualtı uçqunun səbəb olduğu ehtimal edilir. Cərəyan tərəfindən hərəkətə gətirilən orqanizm sürətlə dəniz dibində basdırılıb və çöküntülərin bədən ətrafında toplanması onun ilkin formasının qorunmasına imkan verib. Tədqiqatçılar hesab edirlər ki, belə qorunma, xüsusilə də 560 milyon il əvvəl yaşamış yumşaq bədənli orqanizm üçün olduqca nadirdir. Üçölçülü fosil alimlərə yastı nümunələrdə görünməyən xüsusiyyətləri də araşdırmaq imkanı verib. Mütəxəssislər fosildə hər budaq boyunca yerləşən, “tikanlar” adlandırılan nazik çıxıntıları müəyyən ediblər. Tədqiqatın nəticələri Palaeontology jurnalında dərc olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər