Astronomlar ilk dəfə ekzoplanetdən radio siqnallar aşkar ediblər


  • 17:02

Astronomlar Günəş sistemindən kənarda yerləşən planetdən ilk dəfə birbaşa radio siqnalı aşkar ediblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Harvard-Smithsonian Astrofizika Mərkəzi və Oreqon Universitetinin alimləri bu kəşfi Cənubi Afrikadakı "MeerKAT" radio teleskopu vasitəsilə ediblər.

Müşahidələr Yerdən təxminən 63 işıq ili uzaqda yerləşən Beta Pictoris ulduz sisteminə yönəldilib. Tədqiqatçılar aşkar edilən radio siqnalların ulduzdan deyil, onun ətrafında fırlanan Beta Pictoris b planetindən gəldiyini müəyyən ediblər.

Alimlərin fikrincə, siqnallar yadplanetli həyatla bağlı deyil. Onlar planetin maqnit sahəsi ilə yüklü hissəciklərin qarşılıqlı təsiri nəticəsində yaranan qütb parıltıları ilə əlaqəlidir.

Tədqiqat zamanı planetin maqnit sahəsinin Yerin maqnit sahəsindən minlərlə dəfə güclü olduğu müəyyən edilib. Bu, ekzoplanetin maqnit sahəsinin birbaşa ölçüldüyü ilk hal hesab olunur.

Kütləsi Yupiterdən təxminən 10 dəfə böyük olan Beta Pictoris b 2008-ci ildə kəşf edilib. Planetin öz oxu ətrafında təxminən 8-9 saata fırlandığı bildirilir.

Tədqiqatın nəticələri hələ elmi jurnalda dərc olunmayıb. Nəticələr “arXiv” platformasında təqdim edilib. Alimlər hesab edirlər ki, yeni nəsil radio teleskoplar vasitəsilə digər ekzoplanetlərin də maqnit sahələrini araşdırmaq mümkün olacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər