- 17:02
Avropada təbii qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabr ayı üzrə tədarük müqavilələrinin qiyməti bazar ertəsi 73,25 avro təşkil edib. Bu günə olan məlumata görə, qiymət 5,6 faiz azalaraq 69,15 avroya düşüb.
Qiymətlərin ucuzlaşmasına bir sıra amillər təsir edib. Asiyada, xüsusilə Çin və Yaponiyada mayeləşdirilmiş təbii qaza tələbatın zəif olması bazara təsir göstərib.
"Gas Infrastructure Europe"un məlumatına görə, Avropa İttifaqında qaz anbarlarının doluluq səviyyəsi 69,94 faizdir. Ötən ilin eyni dövründə bu göstərici 81,85 faiz olub.
Norveçdə aparılan planlı texniki işlər isə qaz ixracını məhdudlaşdırır. Ölkənin ixrac potensialının sentyabrın sonunadək təxminən 20 faiz azalacağı gözlənilir. Norveç Avropanın qaz tələbatının 30 faizdən çoxunu qarşılayır.
Analitiklər yaxın iki həftədə Avropada havanın isti keçəcəyini gözləyirlər. Bu səbəbdən istilik üçün qaza tələbatın azalacağı və qiymətlərin daha da aşağı düşə biləcəyi proqnozlaşdırılır.
Şəbnəm Mehdizadə