- 14:11
NASA Mars səthində fəaliyyət göstərən "Curiosity" roverinin çəkdiyi günəş doğuşu fotosunu yayımlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, fotoşəkildə günəş şüaları ilə işıqlanan, milyardlarla il əvvəl formalaşdığı ehtimal edilən qayalıqlar əks olunub.
Avtomobil ölçüsündə olan "Curiosity" 2012-ci ildə Marsın Geyl kraterinə enib və 2014-cü ildən kraterin dibindən təxminən 5 kilometr yüksələn Şarp dağına doğru hərəkət edir.
Roverin "Mastcam" kamerası tərəfindən günəş doğduqdan təxminən bir saat sonra çəkilən görüntüdə küləyin uzun müddət ərzində aşındırdığı qayalıqlar görünür. NASA alimlərinin sözlərinə görə, bu qayalıq təbəqələri silsiləvari formalar yaradıb və təxminən 3 milyard il əvvəl formalaşıb.
Alimlər hesab edirlər ki, Şarp dağının müxtəlif təbəqələrinin öyrənilməsi Marsın keçmişdə daha isti və rütubətli olduğu dövr haqqında mühüm məlumatlar verə bilər. Bu araşdırmalar planetdə qədim göl və çayların mövcudluğu, eləcə də mikrob həyatı üçün əlverişli şəraitin olub-olmaması barədə məlumatların əldə edilməsinə imkan yaradır.
NASA-nın məlumatına görə, "Curiosity" artıq Şarp dağında təxminən 1 kilometr yüksəklik əldə edib. Roverin 2027-2028-ci illərdə yeni geoloji quruluşlara çataraq araşdırmalarını davam etdirməsi planlaşdırılır.
Yeni görüntünün Marsa xas narıncı səması və mavi günəş doğuşu ilə seçildiyi, eyni zamanda Yer kürəsindəki bəzi qayalı mənzərələri xatırlatdığı bildirilir.
Şəbnəm Mehdizadə