Məzmuna keç

Avstraliyada sosial media istifadəçiləri üçün yenilik

Avstraliyada onlayn təhlükəsizlik qanunvericiliyinin gücləndirilməsini nəzərdə tutan qanun layihəsinə dəyişiklik edilməsi təklif olunur. Yeni dəyişikliklərə əsasən, istifadəçilər hüquq pozuntusu ilə üzləşdikləri halda sosial media şirkətlərini müvafiq dövlət qurumuna müraciət etmədən birbaşa məhkəməyə verə biləcəklər.

E-huquq.az “ABC News”a istinadən xəbər verir ki, Avstraliyada “Rəqəmsal Qayğı Öhdəliyi” adlı qanun layihəsinin əhatə dairəsi genişləndirilir.

Təklif olunan dəyişikliklər sosial media istifadəçilərinə Avstraliyanın Onlayn Təhlükəsizlik Komissarlığına (eSafety) müraciət etmədən platformalara qarşı birbaşa hüquqi iddia qaldırmaq imkanı verəcək.

Bununla yanaşı, qanunvericiliyin tələblərini pozan şirkətlər üçün nəzərdə tutulan maksimum cərimənin də artırılması planlaşdırılır. Hazırkı 109,2 milyon Avstraliya dolları məbləğində olan cərimənin platformaların ümumi gəlirinin 5 faizinə qədər yüksəldilməsi təklif edilir.

Dəyişikliklər hökumətə sadə mübahisələrin həlli məqsədilə gələcəkdə rəqəmsal şikayətlər üzrə ombudsman institutu yaratmaq səlahiyyəti də verəcək.

Gözlənilir ki, Yaşıllar Partiyasının dəstəyini alan hakim Leyboristlər Partiyası qanun layihəsini Senatdan keçirə biləcək.

Baş nazir Entoni Albanesinin rəhbərlik etdiyi hökumətin hazırladığı “Rəqəmsal Qayğı Öhdəliyi” qanun layihəsi oktyabrın 15-də parlamentə təqdim edilib.

Sənədin əsas məqsədi onlayn təhlükəsizlik qaydalarını gücləndirmək və oyunlar, mobil tətbiqlər, süni intellekt əsaslı çat-botlar daxil olmaqla müxtəlif rəqəmsal xidmətlər üçün minimum təhlükəsizlik standartları müəyyənləşdirməkdir.

Qanun layihəsinə əsasən, sosial media platformaları 18 yaşdan kiçik istifadəçiləri zərərli məzmunlardan qorumağa borclu olacaq.

Bundan başqa, platformalar istifadəçilərə alqoritmləri aktivləşdirmək və ya söndürmək imkanı yaratmalıdır. Bu, 16 yaşdan yuxarı avstraliyalıların tövsiyə olunan məzmunların hesablarının əsas lentində göstərilib-göstərilməməsini özlərinin seçə biləcəkləri deməkdir.

Qanun layihəsi “eSafety” qurumuna süni intellekt vasitəsilə şəxslərin razılığı olmadan çılpaqlaşdırılmış görüntülərin silinməsini tələb etmək səlahiyyəti də verəcək.

Bununla yanaşı, kibertəqib və onlayn zorakılıqla bağlı şikayətlərə cavab müddətinin 48 saatdan 24 saata endirilməsi nəzərdə tutulur.

Şəbnəm Mehdizadə