- 16:55
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına dünən həyata keçirilən iki ayrı raket hücumu nəticəsində üç nəfər həlak olub, çoxsaylı insan yaralanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya üzrə Baş İdarəsi məlumat yayıb.
Bəyanatda bildirilib ki, hücumlardan biri hava limanının obyektini, digəri isə "Saudi Arabian Airlines" aviaşirkətinə məxsus təyyarəni hədəf alıb.
Açıqlamaya görə, hadisə nəticəsində üç Səudiyyə Ərəbistanı vətəndaşı həyatını itirib. Yaralananlar arasında həm ölkə vətəndaşları, həm də müxtəlif millətlərdən olan şəxslər var.
Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu və onların xəstəxanalara yerləşdirildiyi bildirilib. Hücumlar hava limanına maddi ziyan da vurub.
Qurumun məlumatına əsasən, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görülüb. Müvəqqəti dayandırılan hava limanı əməliyyatları bərpa olunub və hava hərəkəti normallaşıb.
Hücumların məsuliyyətini üzərinə götürən tərəf barədə rəsmi açıqlama verilməyib. Bununla belə, yerli KİV hadisənin İranın dəstəklədiyi Yəmən husiləri tərəfindən törədildiyini iddia edib.
Şəbnəm Mehdizadə