Məzmuna keç

Həqiqi görüntü ilə saxtanı ayırmaq çətinləşir: “Deepfake” təhlükəsi artır

Süni intellekt texnologiyalarının sürətlə inkişafı real görüntülərdən, səslərdən və videolardan fərqləndirilməsi demək olar ki, mümkünsüz olan “deepfake” materiallarının hazırlanmasını asanlaşdırıb. Bu isə dələduzluq və dezinformasiya risklərini artırır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər texnologiyanın həm seçki prosesləri, həm də ayrı-ayrı şəxslərə qarşı dələduzluq halları baxımından ciddi təhlükə yaratdığını bildirirlər.

Süni intellekt vasitəsilə hazırlanan saxta məzmunlar xüsusilə siyasi sahədə ciddi narahatlıq doğurur. Siyasi kampaniyaların bu texnologiyalara ayırdığı büdcələrin əvvəlki illərlə müqayisədə dəfələrlə artdığı, namizədləri hədəf alan aldadıcı reklamların isə internetdə sürətlə yayıldığı bildirilir.

Mütəxəssislər belə materialların həqiqiliyinə dair şübhələr yaratdığını və seçicilərin real görüntülərlə saxta məzmunları ayırd etməkdə çətinlik çəkdiyini vurğulayırlar. Süni intellektlə yaradılan saxta materialların açıq şəkildə qeyd edilmədiyi hallarda belə insanların düşüncəsinə təsir göstərərək ictimai rəyin formalaşmasına yön verə biləcəyi qeyd olunur.

Şirkətlərin məlumatlarına görə, müəssisələri və istehlakçıları hədəf alan “deepfake” əsaslı dələduzluq cəhdlərində nəzərəçarpacaq artım müşahidə olunur.

Dələduzlar səs klonlaşdırılması və saxta video texnologiyalarından istifadə edərək yaxınlarının və tanışlarının kimliyinə bürünə bilirlər. Onlar təcili tibbi yardım, borc və ya digər təxirəsalınmaz ehtiyaclarla bağlı uydurma müraciətlər edərək insanları aldadırlar.

Əvvəllər süni intellektlə yaradılan saxta görüntülərdə barmaq və üz cizgilərindəki uyğunsuzluqlar kimi asanlıqla müəyyən edilən qüsurların böyük ölçüdə aradan qaldırılması isə belə materialların aşkarlanmasını daha da çətinləşdirib.

“Deepfake” texnologiyasının geniş yayılması yalnız saxta məlumatların həqiqət kimi qəbul edilməsi riskini artırmır, eyni zamanda real görüntülərə və məlumatlara olan etibarı da sarsıdır. Nəticədə həqiqi hadisələrə aid fotoşəkillər və videolar belə saxta hesab edilərək şübhə ilə qarşılanır.

Kibertəhlükəsizlik üzrə mütəxəssislər bu cür dələduzluq cəhdlərindən qorunmaq üçün şübhəli zənglər zamanı telefon danışığını dayandırmağı və qarşı tərəfin kimliyini müstəqil şəkildə yoxlamağı tövsiyə edirlər.

Bunun üçün həmin şəxslə əvvəlcədən məlum olan telefon nömrəsi vasitəsilə yenidən əlaqə saxlamaq və müraciətin həqiqiliyini təsdiqləmək vacibdir.

Şəbnəm Mehdizadə