Məzmuna keç

Ərəb Koalisiyası: Məkkə bölgəsində bir PUA məhv edilib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Yəməndəki İranın dəstəklədiyi husilərin Məkkə bölgəsinə göndərdiyi bir pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirilərək məhv edildiyini açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərəb Koalisiyasının sözçüsü, general-mayor Türki əl-Maliki “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək hadisə ilə bağlı məlumat verib.

O bildirib ki, husilər tərəfindən göndərilən PUA Məkkəi-Mükərrəmə bölgəsində aşkar edilərək qarşısı alınıb və məhv edilib.

Husilərin hərbi sözçüsü Yəhya Səri isə sosial şəbəkə hesabında yaydığı açıqlamada Məkkə bölgəsini hədəf almadıqlarını iddia edib. O, Səudiyyə Ərəbistanında neft obyektlərinə və hərbi bazalara hücumlar təşkil etdiklərini bildirib.

Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsinin açıqlamasına görə, husilərin ötən gün buraxdığı iki ballistik raketin qarşısının alınması zamanı raket qalıqları yaşayış ərazilərinə düşüb.

Hadisə nəticəsində bir nəfərin yüngül xəsarət aldığı, bir evə və avtomobilə maddi ziyan dəydiyi bildirilib.

Şəbnəm Mehdizadə