Məzmuna keç

Əli Məsimli: “Pulsuz hüquqi yardım üçün davamlı maliyyələşmə təmin edilməlidir”

“Qanunun uğurlu icrası üçün onun hüquqi baxımdan düzgün hazırlanması ilə yanaşı, davamlı maliyyələşmə, effektiv nəzarət və işlək reallaşdırma mexanizmləri də təmin edilməlidir”.

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin ddeputatı Əli Məsimli parlamentin bugünkü plenar cilasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Deputat bildirib ki, qanun layihəsinin müddəaları beynəlxalq hüququn müvafiq standartlarına uyğundur və mətn baxımından yüksək səviyyədə hazırlanıb. Bununla belə, qanunun səmərəli tətbiqi üçün ilk növbədə maliyyə tutumunun dəqiq müəyyənləşdirilməsi vacibdir.

Onun sözlərinə görə, maliyyələşmədə dövlət əsas məsuliyyət daşımalı olsa da, alternativ maliyyə mənbələrinin, o cümlədən etibarlı beynəlxalq donor mexanizmlərinin imkanları da nəzərdən keçirilməlidir.

Ə.Məsimli qanunun icrasında üç əsas istiqamətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: davamlı və ədalətli maliyyələşmə, bürokratik maneələrin aradan qaldırılması üçün rəqəmsallaşmanın genişləndirilməsi, eləcə də xidmətlərin keyfiyyətinə mütəmadi monitorinq və nəzarətin təmin olunması.

O, qanunun xüsusilə regionlarda hüquqi xidmətlərin əlçatanlığının artırılmasına töhfə verməsinin vacibliyini qeyd edib. Bildirib ki, Milli Məclis və Vəkillər Kollegiyası arasında mövcud əməkdaşlıq təcrübəsi bu sahədə yeni və səmərəli platformanın yaradılması üçün yaxşı əsasdır.

Deputatın fikrincə, regionlarda vəkillərin sayının artırılması, elektron və rəqəmsal xidmətlərin genişləndirilməsi, hüquqi xidmət haqlarının real bazar qiymətlərinə uyğunlaşdırılması, həmçinin ucqar ərazilərdə fəaliyyət göstərən vəkillər üçün stimullaşdırıcı tədbirlərin tətbiqi əsas prioritetlər olmalıdır.

Ə.Məsimli sonda vurğulayıb ki, Milli Məclis və Vəkillər Kollegiyasının birgə əməkdaşlığı əsasında bu istiqamətlərdə sistemli mexanizmin qurulması qanunun icrasına, hüquqi xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsinə mühüm dəstək verə bilər.

Şəbnəm Mehdizadə