Məzmuna keç

Fransada qan nümunələrinin saxlanıldığı anbarların soyutma sisteminə kiberhücum edilib

Fransada qan nümunələrinin saxlanıldığı anbarlarda istifadə olunan soyutma sistemlərinə qarşı kiberhücum həyata keçirilib.

E-huquq.az Fransa KİV-ə istinadən xəbər verir ki, noyabrın 1-dən 2-nə keçən gecə hakerlər ölkənin Burqundiya-Franş-Konte (Bourgogne-Franche-Comté) bölgəsində Fransa Qan İnstitutuna (EFS) məxsus anbarların soyutma sistemlərinə müdaxilə ediblər. Nəticədə qan nümunələrinin saxlandığı məkanlarda temperatur göstəriciləri mənfi 30 dərəcədən müsbət 110 dərəcəyədək yüksəldilib.

Temperaturun qeyri-adi şəkildə artmasını texniklərdən biri vaxtında aşkar edib.

Fransa Səhiyyə Nazirliyindən bildirilib ki, insidentin operativ şəkildə müəyyənləşdirilməsi sayəsində hadisə qurumun fəaliyyətinə mənfi təsir göstərməyib.

Kiberhücumun arxasında kimin və ya hansı qrupun dayandığı hələlik məlum deyil.

Fransa Qan Xidmətinin rəhbəri Frederik Paku bildirib ki, məhsulların təhlükəsizliyinə heç bir zərər dəyməyib.

“Məhsulların təhlükəsizliyinə heç bir xələl gəlməyib. Əks halda, xəstələrin müalicəsində istifadə olunması nəzərdə tutulan nümunələri və ya plazma paketlərini itirə bilərdik”, – deyə o qeyd edib.

Şəbnəm Mehdizadə