Məzmuna keç

Türkiyədə güclü yağışlar selə səbəb oldu

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda yağan güclü yağışlar suvarma kanallarının daşmasına səbəb olub.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, axşam saatlarında rayonda müşahidə olunan leysan yağışlardan sonra Karagedik və Çiftlik məhəllələrindəki suvarma kanalları daşıb. Su basması nəticəsində ərazidəki bir sıra yaşayış evlərinə, istixanalara və əkin sahələrinə ziyan dəyib. Fethiye rayonunun icra başçısı Fatih Akkaya ərazidə görülən tədbirlərə şəxsən rəhbərlik edib.

Akkaya bildirib ki, Muğla Böyükşəhər Bələdiyyəsinin və yerli bələdiyyənin əməkdaşları ərazidə müvafiq tədbirlərə başlayıblar. Onun sözlərinə görə, hazırda yağış dayanıb.

İnsan tələfatının olmadığını vurğulayan Akkaya dəymiş ziyanın aradan qaldırılması üçün dövlət qurumlarının lazımi dəstəyi göstərəcəyini bildirib.

O, həmçinin Çenger məhəlləsinə gedən yolda torpaq sürüşməsi baş verdiyini və bu səbəbdən nəqliyyat əlaqəsinin hazırda alternativ marşrutla təmin olunduğunu bildirib.

Şəbnəm Mehdizadə