İrlandiyanın “Aer Lingus” aviaşirkətinə məxsus sərnişin təyyarəsi bomba xəbərdarlığı səbəbindən Fransadakı hərbi hava bazasına təcili eniş edib.
E-huquq.az xəbər verir ki, BFMTV telekanalının Baş nazirlikdəki mənbələrə istinadən yaydığı məlumata görə, aviaşirkətə məxsus “Airbus A320” tipli sərnişin təyyarəsi bomba təhlükəsi barədə daxil olan məlumatdan sonra marşrutunu dəyişərək təcili eniş həyata keçirib.
Dublindən İtaliyanın paytaxtı Romaya istiqamət alan təyyarə Fransanın Normandiya bölgəsində yerləşən “Evreux-Fauville” hərbi hava bazasına enib.
Təyyarədə 6 ekipaj üzvü və 151 sərnişinin olduğu bildirilir. Məlumata əsasən, təyyarə hərbi bazaya təhlükəsiz şəkildə eniş edib. Hadisə ilə bağlı araşdırma aparılır.
“Flightradar24” uçuşların izlənməsi platformasının məlumatına görə, yerli vaxtla saat 06:25-də Dublindən havaya qalxan təyyarə Fransanın Essonne departamenti üzərində bir neçə dövrə vurub. Daha sonra şimala doğru istiqamətlənərək hərbi hava bazasına eniş edib.
Qeyd edək ki, Romaya həyata keçirilən uçuşlarla bağlı daha əvvəl də bomba xəbərdarlıqları qeydə alınıb.
Belə ki, noyabrın 3-də Portuqaliyanın paytaxtı Lissabondan və İrlandiyanın paytaxtı Dublindən Romanın Fiumicino hava limanına gələn iki sərnişin təyyarəsi ilə bağlı bomba xəbərdarlıqları daxil olub. Lakin aparılan yoxlamalar nəticəsində həmin məlumatların əsassız olduğu müəyyən edilib.
Şəbnəm Mehdizadə
