Şimali Koreya yeni təkmilləşdirilmiş hava hücumundan müdafiə raket sisteminin sınağını həyata keçirib.
E-huquq.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) yaydığı məlumata görə, sınaq atışı ötən gün baş tutub.
Bildirilib ki, sınağın əsas məqsədi yeni sistemin texniki göstəricilərini, etibarlılığını, hədəfləri müəyyənləşdirmə və izləmə imkanlarını yoxlamaq olub.
Məlumata əsasən, ötən gün, həmçinin uzun mənzilli strateji qanadlı raketdən istifadə edilməklə şərti hava hədəfinin vurulması üzrə təlim də keçirilib.
Cənubi Koreya ordusu isə Şimali Koreyanın ötən gün səhər saatlarında Şərq dənizi istiqamətində çoxsaylı raketlər buraxdığını açıqlayıb.
Qeyd edək ki, Şimali Koreya şənbə günü də taktiki ballistik raketlərə quraşdırılmaq üçün nəzərdə tutulan kaset tipli döyüş başlığını sınaqdan keçirib.
Şəbnəm Mehdizadə
