2025-ci ildə Qəzza zolağında İsrail hücumları, xəstəliklər və bədbəxt hadisələr nəticəsində ölənlərin sayı 24 650 nəfərə çatıb. Bu göstərici 2022-ci ildə qeydə alınan rəqəmdən (6 061 nəfər) dörd dəfədən çoxdur.
E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş məlumat verib.
O bildirib ki, bölgədə meningitə yoluxma hallarının kəskin artması və içməli suyun çirklənməsi səhiyyə və ekoloji böhranı daha da dərinləşdirir.
Baş direktorun sözlərinə görə, kanalizasiya şəbəkəsinin dağıdılması və təmizləyici qurğuların sıradan çıxması infeksiya riskini artırıb, yağışlar isə çirkab suların içməli suya qarışmasına səbəb olur. Eyni zamanda, qida çatışmazlığı uşaqların immun sistemini zəiflədib, xəstəxanaların dağıdılması və dərman qıtlığı isə vaxtında müayinə və müalicəyə imkan vermir.
Munir əl-Burş beynəlxalq ictimaiyyətə, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və BMT-nin Uşaq Fonduna (UNICEF) müraciət edərək təmizləyici qurğuların bərpası üçün regiona yanacaq və avadanlıq, əhali və xəstəxanalar üçün isə dərman, gigiyena dəstləri və su təmizləyici vasitələrin gətirilməsinə kömək istəyib.
Şəbnəm Mehdizadə
