"Qardaş Azərbaycanın haqlı mübarizəsini bundan sonra da dəstəkləyəcəyik"


  • 24 Noyabr 2020 15:22

Hər şeydən əvvəl mərhum Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik və Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.

E-huquq.az xəbər verir ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin Büdcə komissiyasındakı çıxışının Azərbaycana bağlı hissəsinə bu ifadələrlə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlığımız və əbədi dostluğumuz barədə fikirlərini xatırladan nazir deyib: “Can Azərbaycana dəstəyimiz, sadəcə, doğma münasibətlərimizdən deyil, Azərbaycanın beynəlxalq hüquqa əsasən haqlı olması və 30 ildir ki, torpaqları işğalda saxlanıldığı üçün zərərçəkən tərəf olması ilə bağlıdır”.

Azərbaycan Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatları nəticəsində təcavüzkar Ermənistanın təslim olmasını və məlum anlaşmanın xalqımız tərəfindən coşqu ilə qarşılanmasına Bakıda da şahid olduqlarını diqqətə çatdıran nazir vurğulayıb ki, Azərbaycanın haqlı olması, ərazi bütövlüyünün bərpası bu razılaşma ilə təsdiqini tapıb.

Atəşkəs razılaşmasının şərtləri ilə bağlı parlamentarilərə geniş məlumat verən nazir bildirib ki, Azərbaycanın Naxçıvan bölgəsi ilə ölkənin digər əsas hissəsi arasında birbaşa əlaqələrin qurulması qazanılan böyük uğurlardandır. Sülh prosesinin bütün tərəflərə fayda gətirəcəyinə əminliyini ifadə edən nazir Mövlud Çavuşoğlu deyib: “Bölgədə sülh və inkişaf yolunun Türkiyədən keçdiyini bütün dünya bir daha gördü. Qardaş Azərbaycanın haqlı mübarizəsini bundan sonra da dəstəkləyəcəyik”.

Oxşar xəbərlər