Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Agentliyinin məlumatına görə, 2019-cu ilin əvvəlindən Avropa ölkələrinə 29,844 qeyri-leqal miqrant və qaçqın gəlib.
E-huquq.az xəbər verir ki, bu il Avropaya yollanan qaçqınlardan 681 nəfər dənizdə batıb.
Ötən ilin müvafiq dövründə Avropa ölkələrinə gələn qaçqınların və qeyri-leqal miqrantların sayı 46,411 nəfər olub, 1,414 qaçqın isə Aralıq dənizində boğularaq həyatını itirib.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatında qeyd olunur ki, bu il təkcə Yunanıstana 13,997 qeyri-leqal miqrant və qaçqın gəlib ki, bu da Avropaya gələnlərin ümumi sayının yarısını təşkil edir. Təşkilatın İspaniyadakı nümayəndəsi Ana Dodevskanın sözlərinə görə, qaçqın və qeyri –leqal miqrantların üçdəbiri – 10,538 nəfər İspaniyaya gəlib. Bu ölkəyə gündəlik 58 nəfər daxil olub. Ümumilikdə, Yunanıstan və İspaniya bu insanların 82 faizini qəbul edib.
IOM-un İtaliya üzrə nümayəndəsi Flavio Di Giakomonun sözlərinə görə, bu il İtaliya 2,790 miqrant və qaçqını qəbul edib. 2018-ci ilin müvafiq dövründə isə bu ölkəyə gələnlərin sayı 16,709 olub.
BMT-nin Miqrasiya Agentliyinin hesabatında bildirilir ki, 2014-cü ildən 2018-ci ilədək Avropaya yollanan miqrantların 30,510 nəfəri həlak olub.
