Məzmuna keç

ABŞ-də məktəblərdə planşet istifadəsi ilə bağlı müzakirələr genişlənir

COVID-19 pandemiyası dövründə məktəblərdə geniş yayılan planşet və kompüter istifadəsinə qarşı çıxan valideynlər uşaqların ekran qarşısında keçirdiyi vaxtın məhdudlaşdırılmasını və ənənəvi tədris üsullarına qayıdılmasını tələb edirlər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-də Los-Ancelesdən Filadelfiyayadək bir çox bölgədə valideynlər şagirdlərin dərslər zamanı planşet və noutbuklardan həddindən artıq istifadəsinə etiraz edirlər.

Valideynləri diqqət dağınıqlığı, kiberzorakılıq, uyğun olmayan məzmuna çıxış və süni intellekt vasitəsilə köçürmə halları kimi risklər narahat edir.

Filadelfiya yaxınlığında yaşayan həkim Yair Lev bildirib ki, ikinci sinifdə oxuyan qızı məktəb kompüterində riyaziyyat tətbiqindən istifadə edərkən qəfildən ətraf aləmlə əlaqəsini itirmiş kimi görünüb. Bu hadisə Lev və digər valideynləri məktəb rəhbərliyinin texnologiyadan istifadə siyasətinin dəyişdirilməsi istiqamətində addımlar atmağa sövq edib.

Los-Ancelesdə də oxşar narahatlıqları bölüşən ailələr bir araya gələrək “Schools Beyond Screens” (“Ekranlardan kənar məktəblər”) adlı hərəkat yaradıblar.

Hərəkatın təsisçilərindən biri olan Lila Bayok oğlunun orta məktəbə başladıqdan və gün ərzində planşet istifadə etdikdən sonra qiymətlərinin aşağı düşdüyünü, özünəinamının azaldığını bildirib.

Bəzi məktəb dairələri də elektron cihazlardan istifadəyə məhdudiyyətlər tətbiq etməyə başlayıb. Pensilvaniya ştatının Lower Merion bölgəsində qəbul edilən yeni qaydalara əsasən, gündəlik ekran vaxtı şagirdlərin oxuduqları sinif səviyyəsinə uyğun məhdudlaşdırılıb.

Bununla belə, bəzi valideynlər övladlarının məktəb cihazlarından istifadədən tamamilə azad edilməsi hüququndan məhrum edildiklərini iddia edərək məhkəməyə müraciət ediblər. Məktəb rəhbərliyi isə bu ittihamları rədd edib.

Texnologiyaya qarşı çıxan bütün valideynlər məktəblərdə rəqəmsal vasitələrin tamamilə qadağan edilməsini tələb etmirlər. Bəzi ailələr düzgün istifadə edildikdə texnologiyanın tədris prosesinə müsbət töhfə verə biləcəyini düşünürlər.

Süni intellekt şagirdlərin biliklərindəki boşluqları müəyyənləşdirmək, fərdi öyrənmə imkanları yaratmaq və rəqəmsal savadlılıq bacarıqlarını inkişaf etdirmək üçün də istifadə oluna bilər.

Şəbnəm Mehdizadə