Məzmuna keç

Mahaçqaladakı hava limanı noyabrın 6-dək fəaliyyət göstərməyəcək –

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqaladakı hava limanı noyabrın 6-dək fəaliyyət göstərməyəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi teleqram kanalında məlumat yayıb.

Bildirilir ki, Mahaçqala aeroportuna qanunsuz daxil olmuş şəxslər oradan çıxarılıb. İğtişaşlarla əlaqədar operativ qərargah yaradılıb. Hazırda hava limanı bağlanıb, təyyarələr digər aeroportlara yönəldilir.

Rusiya DİN-in Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin məlumatında bildirilir ki, “Uytaş” beynəlxalq aeroportunda iğtişaşlarda iştirak edən və iğtişaşlara çağırış edən şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında nümayişçilər Mahaçqala hava limanına soxulub. Tel-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.

***

2023.10.29 – SAAT 23.57

Rusiyanın Mahaçqala hava limanı fəaliyyətini dayandırıb.

E-huquq.az-ın məlumatına görə, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.

Məlumata görə, hava limanının müvəqqəti bağlanması aerodrom ərazisinə icazəsiz girişlə əlaqədardır.

Qeyd olunub ki, tədbirlər vəziyyət normallaşana qədər qüvvədə qalacaq, hüquq-mühafizə orqanları hadisə yerində işləyir.