Somalidə leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 500 min insan evini tərk edib.
E-huquq.az xəbər verir ki, bu barədə Somali Milli Xəbər Agentliyi (SONNA) məlumat yayıb.
Bildirilib ki, yağışlar indiyədək 30-dan çox insanın ölümünə səbəb olub. Rəsmilər ölənlərin sayının artacağını istisna etmir.
Ölkənin cənub və mərkəzi rayonlarında çayların daşması nəticəsində yollar və bir çox yaşayış məntəqələri su altında qalıb.
Bir milyondan çox insanın epidemiya və ərzaq çatışmazlığı riski ilə üzləşəcəyi ehtimalı var. Yerli və beynəlxalq yardım təşkilatları qida və sığınacaq yardımı çatdırmaq üçün hərəkətə keçib.
Qeyd edək ki, Somali və Keniya iqlim dəyişikliyindən ən çox əziyyət çəkən ölkələr sırasındadır. Keniyada həddindən yağışlarla əlaqədar vətəndaşlara xəbərdarlıq edilib. Daşqınlardan sonra Somalinin bəzi bölgələrində "fövqəladə vəziyyət" elan edilib.
Şəbnəm Mehdizadə
