İspaniyanın cənubundakı Malaqa şəhərində havanın temperaturu 29,9 dərəcəyə yüksəlib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İspaniya Meteorologiya İnstitutu (Aemet) məlumat yayıb.
Qurum dekabrın 12-i yerli vaxtla saat 14.20-də Malaqa şəhərində hava istiliyinin 29,9 dərəcə olduğunu açıqlayıb. Bu, ölkə tarixində dekabr ayında indiyə qədər qeydə alınan ən yüksək temperatur olub.
İnstitut bunu həm İspaniyada, həm də qlobal miqyasda müşahidə edilən iqlim dəyişikliyi ilə əlaqələndirib.
Qeyd edək ki, İspaniyada daha əvvəl dekabr ayında ən yüksək temperatur 2010-cu ildə ölkənin cənubundakı Qranada şəhərinin Motril rayonunda 29,4 dərəcə olaraq qeydə alınıb.
Son bir həftədir cənub bölgələrində mövsüm normalarının üzərində temperatur müşahidə edilir. Valensiya, Almeriya və Malaqa kimi sahil şəhərlərində çimərliklərdə çimən və günəş vannası qəbul edən insanların görüntüləri gündəm olub.
Şəbnəm Mehdizadə
