Məzmuna keç

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatdı –

Yaponiyanın mərkəzi hissəsində artıq ikinci gündür davam edən zəlzələ nəticəsində ümumi sayı 55 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə bölgə rəhbərliyi bildirib.

***

18.27

Yaponiyanın mərkəzi hissəsində artıq ikinci gündür davam edən zəlzələ nəticəsində ümumi sayı 50 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə bölgə rəhbərliyi bildirib.

Məlumata görə, yüzdən çox insan yaralanıb, onlardan 17-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir.

***

16.00

Yaponiyanın İşikava prefekturası sahillərində baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 48-ə çatıb.

E-huquq.az xəbər verir ki, silsilə yeraltı təkanlar nəticəsində azı 60 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölüm hallarının hamısı İşikava prefekturasınında qeydə alınıb. Elə ən çox dağıntı da həmin prefekturanın payına düşür. Medianın məlumatına əsasən taxta evlərin və yaşayış binalarının azı 50 faizi uçub, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir. Zəlzələnin fəsadlarının aradan qaldırılmasına və axtarış-xilasetmə işlərinə hərbçilər də cəlb olunub.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkan qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb.

Zəlzələ ölkənin şimal, cənub və mərkəzi hissəsindəki yaşayış məntəqələrində, o cümlədən, paytaxt Tokioda da hiss olunub. Səlahiyyətli qurumlar İşikava ilə yanaşı, Niiqata, Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarında da sunami xəbərdarlığı elan edib.

Sahil zonasından əhalinin dərhal təxliyəsi həyata keçirilib. Bəzi istiqamətlərdə qatarların hərəkəti dayandırılıb, yüzlərlə sərnişin 10 saatdan çox qatarlarda qalıb. Bundan başqa, magistral yollar bağlanıb, hava limanlarında uçuşlara fasilə verilib. Zəlzələdən sonra təxminən 200 tikilidə yanğın meydana gəlib. Dağıntılar Niiqata, Toyama, Fukui və Gifu prefekturalarında da qeydə alınıb. Yeraltı təkanlar bəzi yerlərdə torpaq sürüşmələrinə, yer qatının 1,3 metrədək qalxaraq, müxtəlif istiqamətlərə doğru sürüşməsinə səbəb olub.

Zəlzələdən sonra ölkənin atom elektrik stansiyalarında anormal vəziyyət müşahidə olunmayıb.

Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 2-də güclü sunami xəbərdarlığını ləğv etsə də, ölkənin mərkəzi hissəsində qarşıdakı günlərdə güclü yeraltı təkanlar ola biləcəyini açıqlayıb. Agentlik vətəndaşlara ehtiyatlı olmağı, sahil və çaylardan uzaq durmağı, müvəqqəti olaraq təhlükəsiz ərazilərə təxliyəni tövsiyə edir.

ABŞ, Kanada, İtaliya da daxil olmaqla bir neçə ölkə Yaponiyaya köməyini təklif edib.

***

Yaponiyada baş verən zəlzələ nəticəsində 24 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Təcili yardım xidmətlərinin məlumatına görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İşikavada vəziyyət ən ağırdır. Orada 200-dən çox ev yanıb, 50-dən çox bina uçub.

Qeyd edək ki, Yaponiyanın İşikava prefekturusanın sahilində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb. Səlahiyyətli qurumlar İşikava ilə yanaşı, Niiqata, Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarında da sunami xəbərdarlığı elan edilib.