Məzmuna keç

Yaponiya hökuməti zəlzələdən zərər çəkənlərə 690 milyon dollar ayıracaq

Yaponiya hökuməti zəlzələdən zərər çəkənlər üçün 100 milyard yen (690 milyon dollar) vəsait ayıracaq.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Kişida Fumio məlumat verib.

Baş nazir zəlzələlərin böyük ziyan vurduğu İsikava prefekturasının Noto yarımadasındakı Suzu və Vacima şəhərlərindəki təxliyə mərkəzlərinə baş çəkib.

Görüş zamanı zərərçəkmişlər otellərdə məskunlaşmaq istəmədiklərini və bölgədə təcili olaraq müvəqqəti mənzillərə ehtiyac olduğunu bildiriblər.

Kişida bildirib ki, hökumət zəlzələdən zərərçəkənlərin həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən regionun şəhərlərində müvəqqəti yaşayış yerlərinin yaradılması üçün bütün səylərini göstərəcək.

Qeyd edək ki, yanvarın ilk həftəsində ölkənin qərbində yerləşən İsikava prefekturasının Noto yarımadası sahillərində baş verən zəlzələlərdə ölənlərin sayı 221-ə çatıb.

Şəbnəm Mehdizadə