Efiopiyanın Edaqa Arbi şəhərində iyul ayından bəri 200-dən çox adam aclıqdan ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmi şəxslər ölkənin quraqlıqdan və müharibədən əziyyət çəkən Tiqray bölgəsinin sonuncu dəfə 1984-cü ildəki kimi aclıq astanasında olduğu barədə xəbərdarlıq edib.
Hökumət yardım göstərmək üçün tədbirlər görüldüyünü bildirir.
Lakin tibb işçiləri və humanitar işçilər yardımın kifayət qədər tez gəlmədiyini və insanların həyatını xilas etməkdə aciz olduqlarını deyirlər. Qeyd olunur ki, ölənlərin əksəriyyəti uşaq və gənclərdir.
BMT-nin məlumatına görə, hazırda Efiopiyada təxminən 20 milyon insan münaqişə, quraqlıq və daşqınlar səbəbindən ərzaq yardımına ehtiyac duyur. 2024-cü ilin ortalarına qədər ərzaq böhranının bütün ölkəni fövqəladə vəziyyətə salacağı proqnozlaşdırılır.
Şəbnəm Mehdizadə
