Ekvadorda "TC Television" kanalına edilən hücumu araşdıran prokuror silahlı hücumda həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Quayaquil şəhərinin şimalındakı Bombero bulvarında avtomobillə hərəkət edən prokuror Sezar Suares dayanarkən silahla hücuma məruz qalıb.
Başından güllə yarası alan prokuror Suares hadisə yerində dünyasını dəyişib.
Hadisə ilə bağlı çoxlu sayda polis qrupunun göndərildiyi və araşdırmalara başlanıldığı bildirilib.
Ekvador Prezidenti Daniel Noboa "X" sosial media hesabında hücumu pisləyib və günahkarların dərhal tutulmasını əmr edib.
Xatırladaq ki, yanvarın 10-da Quayaquil şəhərində"TC Television" telekanalının studiyasına canlı yayım zamanı silahlı şəxslər basqın ediblər.
Qeyd edək ki, "Fito" ləqəbli dəstə başçısı Adolfo Macias Salazar və bir neçə məhbusun Quayas şəhərindəki həbsxanadan qaçmasından sonra ölkədə 60 gün davam edəcək fövqəladə vəziyyət elan edilib.
Şəbnəm Mehdizadə
