Türkiyənin İstanbul şəhərində məhkəmə binasının qarşısında silahlı insident baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, binanın qarşısındakı nəzarət-buraxılış məntəqəsinə hücuma cəhd edilib. Hücuma cəhd edən 2 nəfər zərərsizləşdirilib. İnsident zamanı 3-ü polis əməkdaşı olmaqla 5 nəfər yaralanıb.
"Qəhrəman polislərimizi təbrik edirəm. Yaralılarımıza şəfa diləyirəm. Baş verənlərlə bağlı ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik", – deyə nazir qeyd edib.
Hadisə yerinə çox sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub.
İnsidentin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
