Naxçıvanda 20 il əvvəl törədilən qəsdən adam öldürmə hadisəsi üzrə cinayət işi başlanılıb.
E-huquq.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Muxtar Respublikanın Daxili İşlər Nazirliyi, eləcə də Ordubad rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə Ordubad rayonunun Xurs kəndində qeyri-aşkar şəraitdə qəsdən adam öldürmə cinayəti müəyyən edilib.
Aparılan araşdırmalarla Ordubad rayonunun Xurs kənd sakini 1967-ci il təvəllüdlü Elman Tarverdiyevin 2003-cü ildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Məlahət Tarverdiyevanı qəsdən öldürərək yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən olunub.
Meyit basdırıldığı yerdən qazılaraq çıxarılıb və ekspertiza təyin edilərək müayinəsi aparılıb.
Faktla bağlı Ordubad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə başlanıb.
Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***
Ordubadda 20 il əvvəl bacısını öldürərək həyətdə basdıran şəxs saxlanılıb.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respubliksının (MR) DİN və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonunun Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb həyətyanı sahədə basdırması müəyyən edilib.
E.Tarverdiyev tutularaq istintaq təhvil verilib.
"Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir", – məlumatda qeyd olunub.
