Məzmuna keç

Gömrükçülər pnevmatik silah və telefonlar aşkar ediblər

Gömrükçülər pnevmatik silah və telefonlar aşkar ediblər

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Rusiya Federasiyasından gələn, bu ölkə vətəndaşının idarə etdiyi "Toyota Camry" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib.

Nəticədə nəqliyyat vasitəsinin ön sağ sərnişin oturacağının qarşısında əşyaların saxlanması üçün zavod kostruksiyasında nəzərdə tutulan saxlanc qutusundan 1 ədəd üzərində MP-654K yazılan T15043570 seriya nömrəli 4.5 mm kalibrli pnevmatik silah aşkar edilib.

Bundan başqa, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Hundai Sonata" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib.

Nəticədə avtomobilin salonunda sürət ölçən cihazın arxa hissəsindən sellofana bükülü şəkildə 5 ədəd "Samsung Galaxy A50", 4 ədəd "Samsung Galaxy A30", 2 ədəd, "Samsung Galaxy A20", 6 ədəd "Samsung Galaxy A10" mobil telefonlar və yük yerinin altında xüsusi düzəldilmiş gizlin saxlanc yerindən isə mobil telefon üçün 21 ədəd qutu, 17 ədəd "qulaqlıq", 21 ədəd USB kabel və qidalandırıcı başlığı aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.