Məzmuna keç

Türkiyədə bələdiyyədə əməliyyat: 68 nəfər barəsində həbs qərarı

Türkiyənin Bakırköy Bələdiyyəsində tenderlərə müdaxilə və sahibkarlardan rüşvət tələb edilməsi iddiaları ilə bağlı 68 şübhəli barəsində saxlanılma qərarı verilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2024-2026-cı illərdə bələdiyyə tərəfindən keçirilən 42 tenderdə qanun pozuntuları və dövlətə maddi zərər vurulması ehtimalları araşdırılıb.

İstintaq zamanı iş yeri fəaliyyəti üçün lisenziya almaq istəyən sahibkarlardan qanunsuz pul tələb edildiyi, ödəniş etməyənlərin sənədləşmə prosesinin isə qəsdən yubadıldığı müəyyən edilib.

Araşdırma çərçivəsində telefon danışıqlarının qeydləri, Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hesabatları və digər sübutlar təhlil olunub.

Barələrində qərar verilən 68 şübhəli arasında bələdiyyə sədrinin müavinləri, bələdiyyə məclisinin üzvləri, əməkdaşlar və tenderlərdə iştirak edən şirkət nümayəndələri də var.

Şübhəlilərin saxlanılması, dindirilməsi, eləcə də axtarış və müsadirə tədbirlərinin həyata keçirilməsi üçün İstanbul Jandarma Komandanlığının müvafiq bölməsinə göstəriş verilib.

Şəbnəm Mehdizadə