İyul ayının 16-da Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.
Xidmətdən e-huquq.az-a verilən məlumata görə, ənənəvi olaraq möhtəşəm Dövlət Bayrağı Meydanında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak etdiblər.
Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını vermiş, Azərbaycanın hər bir sərhədçisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını daima uca tutacaqlarına inamını ifadə edib.
Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən qayğı sayəsində əldə olunmuş xidməti nailiyyətlər haqqında məlumat verilib, dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağı, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmaları bildirilib.
Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunub, gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.
Tədbirdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev kursant valideynləri və ailə üzvləri ilə görüşüb, gənc sərhədçi zabitləri vətənpərvər ruhda tərbiyə etdiklərinə görə onlara minnətdarlığını bildirib, DSX rəisinin sabiq şəxsi heyət üzrə müavini mərhum general-mayor Məhəmməd Abbasquliyevin oğlu leytenant Əli Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib, sərhədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gələcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.
Mərasimdən sonra gənc zabitlər Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər
