İyulun 17-də Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
E-huquq.az xəbər verir ki, müşavirədə Probasiya Xidmətinin rəisi – baş probasiya məmuru Akşin Ziyadov hesabat məruzəsi ilə çıxış edib.
Diqqətə çatdırılıb ki, yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumlardan 4700-dən çox şəxs cari ildə cəza müddətinin başa çatması və qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boyun qaçıran 384 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 48 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.
Həmçinin, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişlənərək bu ilin birinci yarımilində həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 1100-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib, cəza müddəti bitən və digər qanuni əsaslara görə 300-dək məhkumdan isə qolbaqlar çıxarılıb.Hazırda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır.
Ölkə başçısının tapşırığına uyğun olaraq ictimai işlər növündə cəzanın icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı tədbirlər davam etdirilib, bu sahədə işin daha səmərəli təşkili məqsədilə yeni qanun layihələri hazırlanıb, ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası işində innovativ texnologiyaların tətbiqi imkanları öyrənilib, bu məqsədlə ictimai işlərin yerinə yetirilməsi vəziyyətinin izlənilməsinə və cəza çəkməkdən yayınma hallarının dərhal aşkar olunmasına xidmət edən xüsusi monitorinq qurğusu hazırlanıb.
