Estetik əməliyyat uğursuz olarsa, həkim zərəri ödəməlidir - MÜHÜM QƏRAR


  • 16:47

Azərbaycanda estetik cərrahiyə ilə bağlı vacib qərar qəbul edilib.

E-huquq.az xəbər verir ki, bunu Vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2025-ci il tarixli 20 saylı qərarına əsasən estetik cərrahiyə, estetik stomatologiya və digər kosmetoloji xidmətlər “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla nəzərdə tutulan tibbi yardımdan fərqli olaraq artıq nəticəsinə təminat verilən podrat münasibətləri kimi qiymətləndirilir.

"Qanunvericiliyə görə podratçı sifarişçi üçün işi elə icra etməlidir ki, nəticə qüsursuz olsun, üçüncü şəxslərin hüquqlarını pozmasın və müqavilədə nəzərdə tutulan keyfiyyətə tam uyğun gəlsin. Sifariş edilən nəticədən fərqli nəticənin təqdim edilməsi də qüsur hesab olunur. Əgər podratçı işi öz materialları ilə yerinə yetirirsə, həmin materialların keyfiyyətinə görə də məsuliyyət daşıyır. Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərə səbəb olur ki, bu pozuntu eyni zamanda şəxsin şəxsiyyət hüquqlarına hüquqa zidd müdaxilə ilə nəticələnsin. Məsələn, estetik əməliyyat nəticəsində şəxsin xarici görünüşünün eybəcərləşməsi onun mənəvi zərərə məruz qalması kimi qiymətləndirilə bilər", - deyə vəkil qeyd edib.

T.Abdullazadənin sözlərinə görə, nəticəsinə təminat verilən tibbi fəaliyyətdən irəli gələn mənəvi zərər tələbi yalnız zərərçəkmiş şəxs tərəfindən irəli sürülə bilər.

"Beləliklə, estetik cərrahlar və digər müvafiq xidmət göstərən şəxslər həyata keçirdikləri əməliyyatların nəticəsinə görə tam məsuliyyət daşıyırlar. Təminat verilən nəticə əldə olunmadıqda, onlar sifarişçiyə vurulmuş maddi və mənəvi zərəri ödəməyə borcludurlar", - vəkil vurğulayıb.

Yusif Şükürov

Oxşar xəbərlər