Aliment ödəyənlər mütləq bilməlidir: Bu hallarda pul GERİ QAYTARILIR


  • 13:58

Aliment öhdəliyi valideynlərin uşaqlarının maddi təminatında iştirakını nəzərdə tutan mühüm hüquqi məsələlərdən biridir. Boşanma və ya ayrı yaşama hallarında uşağın saxlanılması üçün aliment ödənişlərinin müəyyən edilməsi ilə bağlı müxtəlif suallar yaranır. Xüsusilə alimentin hansı hallarda tələb edilə bilməsi, ödənişlərin necə hesablanması və tərəflərin hüquq və vəzifələri vətəndaşları maraqlandıran əsas məsələlərdəndir. Bəzən isə ödənilmiş alimentin sonradan geri tələb edilib-edilə bilməməsi kimi suallar yaranır. Məsələn, hansı hallarda alimentin geri qaytarılması mümkündür?

E-huquq.az xəbər verir ki, qanun bu məsələyə ümumi olaraq məhdudlaşdırıcı yanaşır: ödənilmiş aliment, bir qayda olaraq, geri tələb edilə bilməz. Lakin Ailə Məcəlləsində bununla bağlı konkret istisnalar da nəzərdə tutulub. Belə ki, Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, alimentin ödənilmiş məbləğinin geri tələb edilməsi yalnız müəyyən hallarda mümkündür.

Belə hallardan biri aliment ödənilməsi barədə sazişin aliment ödəyən şəxsin aldadılması, hədələnməsi və ya ona zor tətbiq edilməsi nəticəsində bağlanmasıdır. Əgər bu səbəbdən saziş etibarsız hesab edilərsə, ödənilmiş alimentin geri tələb olunması mümkündür.

Digər hal məhkəmə qətnaməsinin, aliment ödənilməsi barədə sazişin və ya icra vərəqəsinin saxtalaşdırılması faktının məhkəmə hökmü ilə təsdiq edilməsidir. Yəni aliment tutulmasına əsas verən sənədin saxta olduğu məhkəmə hökmü ilə müəyyənləşdirilərsə, qanunda nəzərdə tutulan qaydada ödənilmiş məbləğin geri tələb edilməsi mümkündür.

Üçüncü hal isə aliment alan şəxsin yalan məlumat verməsi və ya saxta sənədlər təqdim etməsi ilə bağlıdır. Belə hərəkətlər nəticəsində aliment tutulması barədə qəbul edilmiş məhkəmə qətnaməsi sonradan ləğv edilərsə, ödənilmiş alimentin geri tələb edilməsi üçün qanuni əsas yaranır.

Ailə Məcəlləsinin 109.1-ci maddəsi də bu məsələdə mühüm qayda müəyyən edir. Həmin normaya görə, aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. Başqa sözlə, aliment ödəyən şəxsin aliment alan şəxsdən başqa bir səbəbdən alacağı və ya tələbi varsa, bunu aliment öhdəliyindən avtomatik çıxmaq mümkün deyil. Aliment ayrıca hüquqi öhdəlik kimi icra edilməlidir.

Məcəllənin 109.3-cü maddəsində xüsusi vəziyyət də nəzərdə tutulub. Əgər 109.2.1-109.2.3-cü maddələrdə göstərilən hərəkətlər, yəni aldatma, saxtalaşdırma və ya yalan məlumat təqdim etmə kimi əməllər uşağın və ya yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən törədilibsə, aliment geri tələb edilmir. Lakin bu halda aliment ödəmiş şəxsin iddiası əsasında həmin məbləğin təqsirkar nümayəndədən tutulması mümkündür.

Beləliklə, qanunun əsas yanaşması aydındır: aliment, ilk növbədə, uşağın və ya qanunla müdafiə olunan digər şəxsin təminatına yönəlmiş ödənişdir və ödənildikdən sonra, ümumi qayda olaraq, geri qaytarılmır. Geri tələb etməyə imkan verən hallar isə Ailə Məcəlləsinin 109.2-ci maddəsində konkret göstərilib və bunların qanunda nəzərdə tutulan qaydada təsdiqlənməsi tələb olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər