Rəqəmsallaşma hüquqa xidmət etməlidir, yoxsa hüquq rəqəmsal sistemə uyğunlaşmalıdır?


  • 09:31

Elektron ədliyyədə standartlaşdırmanın sərhədləri və məhkəmə qərarlarının effektiv icrası hüququ

Rəqəmsallaşma müasir dövlət idarəçiliyinin, o cümlədən ədalət mühakiməsinin inkişafının əsas istiqamətlərindən biridir. Elektron məhkəmə, elektron icra, elektron vergi və digər informasiya sistemləri prosedurları sürətləndirir, məlumat mübadiləsini asanlaşdırır, şəffaflığı artırır və bir çox hallarda insan amilindən irəli gələn gecikmələri azaldır. Lakin hüquq praktikasında rəqəmsallaşmanın başqa bir tərəfi ilə də qarşılaşırıq.

Elektron sistemlər standartlaşdırmanı sevir, hüquqi münasibətlər isə həmişə standart olmur.

İnformasiya sistemi əvvəlcədən müəyyən edilmiş məlumat sahələri, identifikatorlar və alqoritmlər əsasında qurulur. Real həyatda isə elə hüquqi vəziyyətlər yaranır ki, onların fərdi xüsusiyyətləri sistemdə əvvəlcədən nəzərdə tutulmuş kateqoriyaların heç birinə tam uyğun gəlmir.

Bu zaman ilk baxışdan texniki görünən məsələ fundamental hüquqi suala çevrilir: Elektron sistemdə müəyyən məlumatın daxil edilməsinin mümkün olmaması şəxsin qanunla tanınmış hüququnun həyata keçirilməsinə, hətta qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına mane ola bilərmi? Məhkəmə qərarı var, bəs elektron sistem onu icraya qəbul edə bilmirsə?

Problemi məhkəmə qərarlarının icrası üzərindən nəzərdən keçirək. Məhkəmə iddiaya baxır, tərəflərin hüquq və vəzifələrini müəyyən edir və qərar qəbul edir. Qərar qanuni qüvvəyə minir və icra edilməlidir.

Lakin məhkəmə prosesindən fərqli olaraq, qərarın elektron icra sisteminə daxil edilməsi artıq standartlaşdırılmış məlumatların mövcudluğunu tələb edir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.4-cü maddəsi icra sənədində tələbkar və borclu fiziki şəxs haqqında bir sıra fərdiləşdirici məlumatların göstərilməsini nəzərdə tutur. Bunlara şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (FİN), yaşayış və olduğu yer, doğum tarixi və digər məlumatlar daxildir.

Qanun əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün də alternativ identifikasiya vasitəsini nəzərdə tutur: onların müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi göstərilə bilər. Problem daha fərqli və daha genişdir.

Qanunda və elektron sistemdə nəzərdə tutulmuş standart identifikatorlardan heç birinin konkret şəxsin vəziyyətinə uyğun gəlmədiyi halda nə baş verməlidir?

Məsələn, Azərbaycan məhkəməsində cavabdeh olmuş xarici dövlət vətəndaşının Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi olmaya bilər. Onun xarici pasportu, adı, soyadı, doğum tarixi, yaşayış yeri və digər fərdiləşdirici məlumatları məlum ola bilər. Lakin “İcra haqqında” Qanunun 7.1.4-cü maddəsində belə şəxsin xarici pasportunun seriyası və nömrəsi ayrıca alternativ identifikator kimi göstərilmir. Belə halda əsas məsələ həmin şəxsin barəsində qərarın “icra oluna bilməməsi” barədə qəti nəticəyə gəlmək deyil.

Əsas sual budur: Elektron sistem qeyri-standart identifikasiya vəziyyətini qəbul etmirsə, hüquqi prosedurun davam etdirilməsi üçün alternativ mexanizm varmı və bu mexanizm kifayət qədər əlçatandırmı?

Texniki identifikator hüququn özündən üstün ola bilməz

FİN, VÖEN, sənəd seriyası və nömrəsi kimi identifikatorların elektron sistemlərdə tələb edilməsinin ciddi və legitim məqsədi var. İcra tədbirlərinin yanlış şəxsə yönəldilməsi yolverilməzdir. Borclunun dəqiq identifikasiyası həm tələbkarın, həm də borclunun hüquqlarının müdafiəsi baxımından vacib təminatdır. Ona görə problemin həlli identifikasiya tələblərinin aradan qaldırılmasında deyil.

Problem identifikasiyanın yalnız bir və ya bir neçə əvvəlcədən müəyyən edilmiş texniki üsulla mümkün hesab edilməsində yarana bilər.

Şəxsin kimliyi hüquqi baxımdan kifayət qədər müəyyən edilə bildiyi halda informasiya sisteminin konkret bir məlumat sahəsini tələb etməsi səbəbindən hüquqi prosedurun dayanması texnologiyanın vasitədən məqsədə çevrilməsi demək olardı.

Məhz buna görə rəqəmsallaşmada iki anlayışı fərqləndirmək vacibdir: şəxsin etibarlı identifikasiyası və sistemin tələb etdiyi konkret identifikatorun mövcudluğu.

Bunlar həmişə eyni şey deyil.

Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun bir hissəsidir

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir.

Konstitusiyanın 129-cu maddəsinə əsasən isə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli “İcra haqqında” Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Mülki Prosessual Məcəllənin bəzi müddəaları baxımından şərh edilməsinə dair Qərarında mühüm hüquqi mövqe formalaşdırılmışdır.

Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Qərarın vaxtında və düzgün icra edilməməsi məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul edilmiş qərarı isə əhəmiyyətsiz edə bilər.

Bu yanaşma sonrakı Konstitusiya Məhkəməsi qərarlarında da ardıcıl olaraq təsdiq edilmişdir.

Deməli, məhkəmə müdafiəsi hüququ məhkəmənin qapısında başlamadığı kimi, qərarın elan edilməsi ilə də bitmir.

Şəxsin əldə etdiyi məhkəmə qərarının real həyatda nəticə doğurması həmin hüququn ayrılmaz hissəsidir.

Avropa Məhkəməsi: icra edilməyən qərar məhkəmə hüququnu illüziya edə bilər

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciət etmək və qərar əldə etməklə məhdudlaşmır. AİHM “Hornsby Yunanıstana qarşı” işi üzrə 19 mart 1997-ci il tarixli qərarının 40-cı bəndində müəyyən etmişdir ki, dövlətin hüquq sistemi yekun və məcburi məhkəmə qərarının tərəflərdən birinin zərərinə icrasız qalmasına imkan verərsə, Konvensiyanın 6-cı maddəsi ilə təmin olunan məhkəməyə müraciət hüququ illüziya xarakteri daşıyardı. Bu səbəbdən məhkəmə qərarının icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri baxımından “məhkəmə araşdırmasının” ayrılmaz hissəsi hesab edilir

Bu prinsip rəqəmsal ədliyyə dövründə yeni məzmun qazanır.

Əvvəllər məhkəmə qərarının icrasına maneə daha çox dövlət orqanının hərəkətsizliyi, icra tədbirlərinin gecikdirilməsi və ya borclunun müqaviməti ilə əlaqələndirilirdisə, bu gün həmin siyahıya yeni risk əlavə olunur:

informasiya sisteminin arxitekturasından doğan maneə.

“Bu hal sistemdə nəzərdə tutulmayıb”

Problem təkcə məhkəmə qərarlarının icrası ilə məhdudlaşmır. Vergi hesabatlarının təqdim edilməsində, elektron ərizələrdə, müxtəlif dövlət reyestrlərində, sosial təminat və digər inzibati prosedurlarda eyni hadisə ilə qarşılaşmaq mümkündür. Elektron sistem müəyyən sayda variant təqdim edir. Şəxsin hüquqi vəziyyəti isə onların heç birinə uyğun gəlmir. İnsanla ünsiyyətdə vəziyyəti izah etmək, sənəd təqdim etmək, fərqli halı əsaslandırmaq mümkündür.

Alqoritmləşdirilmiş sistem isə yalnız belə cavab verir: “Məcburi xana doldurulmayıb.”

Məhz burada rəqəmsallaşmanın insan hüquqları baxımından yeni problemlərindən biri meydana çıxır: standartlaşdırma qeyri-standart hüquqi vəziyyətdə olan insanı sistem üçün “görünməz” etməməlidir.

Avropa Şurasının yanaşması: rəqəmsallaşma sadəcə texnoloji layihə deyil

Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının - CEPEJ-in 9 dekabr 2021-ci il tarixli CEPEJ(2021)15 “Elektron məhkəmə sənədlərinin təqdim edilməsi və məhkəmələrin rəqəmsallaşdırılmasına dair Təlimatları” bu baxımdan xüsusilə maraqlıdır.

Sənəddə rəqəmsal həllərin məhkəmə sisteminə tətbiqinin sadəcə texnoloji layihə kimi deyil, sistemli və kompleks islahat kimi qəbul edilməli olduğu vurğulanır.

CEPEJ yanaşmasına görə, rəqəmsallaşma yalnız müasir proqram təminatının tətbiqi deyil. Proses zamanı hüquqi, təşkilati və sosial məsələlər də nəzərə alınmalıdır və hər bir məhkəmə informasiya sistemi ədalət mühakiməsinin əsas dəyərləri nəzərə alınmaqla qurulmalıdır.

Bu yanaşma çox mühüm bir nəticəyə gətirir: hüquqi prosedur proqram təminatının imkanlarına uyğunlaşdırılmamalı, proqram təminatı hüquqi prosedurun və fundamental hüquqların tələblərinə uyğun qurulmalıdır.

“Digər hal” hüquqi təminat kimi

Bəs çıxış yolu nədir?

Əlbəttə, rəqəmsallaşmadan imtina etmək deyil. Əksinə, daha çevik və hüquq-mərkəzli rəqəmsallaşmaya keçmək lazımdır. Elektron dövlət və elektron ədliyyə sistemlərində standart məlumat sahələri ilə yanaşı, obyektiv səbəbdən həmin standartlara uyğun gəlməyən vəziyyətlər üçün alternativ prosedur mövcud olmalıdır.

Bu, müxtəlif formalarda həyata keçirilə bilər:

- alternativ identifikasiya vasitələrinin qəbul edilməsi;

- əlavə sənədlərin təqdim edilməsinə imkan yaradılması;

- “digər hal” kateqoriyasının mövcudluğu;

- avtomatik prosedurun nəticə vermədiyi hallarda insan tərəfindən fərdi qiymətləndirməyə keçid;

- səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış qərarı ilə texniki maneənin aradan qaldırılması;

- sistemdə olmayan hal barədə məlumatın qeyd edilərək hüquqi prosedurun dayandırılmadan davam etdirilməsi.

Burada vacib olan konkret texniki model deyil. Vacib olan prinsipdir: istisna hal hüquqsuzluq halına çevrilməməlidir.

Alqoritm hüquq yarada bilmədiyi kimi, hüququ aradan da qaldıra bilməz

Rəqəmsal dövlətin qarşısında duran əsas vəzifə bütün insanları eyni texniki qəlibə yerləşdirmək deyil. Əsas vəzifə müxtəlif hüquqi vəziyyətlərdə olan insanların hüquqlarını eyni dərəcədə təmin edə bilən sistem yaratmaqdır. Qanun müəyyən hüququ tanıyırsa, elektron sistem həmin hüququn həyata keçirilməsi üçün vasitə olmalıdır. Elektron sistemdə müvafiq xana, kod və ya identifikatorun olmaması hüququn özünün olmaması demək deyil. Eyni qaydada, məhkəmə qanuni qüvvəyə minmiş qərar qəbul edibsə, informasiya sisteminin texniki arxitekturası həmin qərarın hüquqi qüvvəsini faktiki olaraq neytrallaşdırmamalıdır. Bu səbəbdən rəqəmsallaşmanın növbəti mərhələsində əsas müzakirə “daha çox xidmət necə elektronlaşdırılsın?” sualından ibarət olmamalıdır.

Daha vacib sual budur: Elektronlaşdırılmış hüquqi prosedurlarda qeyri-standart vəziyyətdə olan insanın hüququnu necə qoruyaq?

Çünki rəqəmsal dövlətin keyfiyyəti yalnız sistemin nə qədər sürətli işləməsi ilə ölçülmür. Onun keyfiyyəti həm də sistemə “sığmayan” insanla necə davranması ilə ölçülür. Texnologiya hüququn həyata keçirilməsi üçün vasitədir, hüququn mənbəyi deyil.

Rəqəmsallaşma hüquqa xidmət etməlidir - hüquq rəqəmsal sistemin texniki imkanları ilə məhdudlaşmamalıdır.

İlhamə Həsənova

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü

Oxşar xəbərlər